ABŞ prezidenti dövlət katibinin onu "moron" (ağılsız) adlandırması barədə məlumatdan sonra İQ testində ondan üstün ola biləcəyini deyib.
"Məncə bu, yalan xəbərdir. Əgər o bunu demişsə İQ testlərimizi müqayisə etməlidir. Kimin qalib gələcəyini mən sizə deyə bilərəm" - deyə, Tramp Forbes jurnalına müsahibəsi zamanı deyib.
NBC xəbər agentliyi dövlət katibinin cari ilin əvvəlində vitse-prezident Mayk Pens tərəfindən vəzifədə qalmasına razı salındığı barədə məlumat yayıb.
Xəbərdə deyilib ki, Tillerson iyun ayında Pentaqon rəsmiləri ilə görüşü zamanı Trampı “moron” (ağılsız) adlandırıb.
Bununla bağlı sualı cavablandırarkən Tillerson deyib ki, o, lazımsız işlərə vaxt ayırmır. Dövlət katibi əksinə, Trampın xarici siyasətini təqdirəlayiq adlandıraraq, prezidentin tutduğu kursa nail olmağın mümkünlüyünü bildirib.
Prezident Tramp Twitter hesabında yazıb: "NBC CNN-dən də qeyri-səmimi və yalan xəbərlər yayır. Bu, dəqiq məlumat yayılmasında rüsvayçılıqdır. Xəbər reytiqlərinin niyə düşdüyünə heç bir şübhə qalmır”.