Accessibility links

Tramp Kerrinin İranla razılaşmaya dəstək səylərini qınayıb


ABŞ prezidenti Donald Tramp keçmiş dövlət katibi Con Kerrinin İranla razılaşmaya dəstək məqsədilə səhnəarxası fəaliyyət göstərdiyinə dair xəbərlərin verilməsindən sonra onu kəskin tənqid edib.

Tramp Twitter səhifəsindəki mesajında yazıb: “ABŞ-ın Con Kerrinin İranla pis müzakirə edilmiş razılığa dair mümkün qeyri-qanuni kölgə diplomatiyasına ehtiyacı yoxdur. Bu qarışıqlığı yaradan elə onun özüdür!”

Keçən həftənin cümə günü Boston Globe qəzeti İran və dünya qüdrətləri ilə danışıqlarda Amerika nümayəndə heyətinə başçılıq etmiş Kerrinin ABŞ-ı razılıqda qalmağa razı salmaq məqsədilə strategiyanın hazırlanması üçün özəl qaydada xarici ölkələrin rəsmiləri ilə görüşdüyü haqda məlumat verib.

Tramp İranla razılığı kəskin tənqid edir və mayın 12-də razılıqdan çıxmaqla hədələyir.

ABŞ-ın keçmiş dövlət katibi Con Kerri
ABŞ-ın keçmiş dövlət katibi Con Kerri

Con Kerri həmçinin Paris İqlim sazişi ilə bağlı danışıqlarda da fəal iştirak edib və vəzifədən getdikdən sonra da bu iki razılığın dəstəklənməsi ilə bağlı fəaliyyət göstərib.

ABŞ prezidenti Donald Trampın razılaşmaya əsasən İrana qarşı iqtisadi sanksiyaların dayandırılmasına davam etmək üçün mayın 12-ə qədər vaxtı var.

Keçən ay Ağ Evdə prezident Trampla görüşən Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Amerika liderini İranla nüvə razılığını təhlükə altına almamağa çağırıb.

Bəzi diplomatlar və təhlilçilər nüvə razılaşmasının pozulmasının Yaxın Şərqdə silah yarışına gətirib çıxara və İran və İsrail arasında müharibənin mümkünlüyünü artıra biləcəyini bildirir.

XS
SM
MD
LG