ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Unu “divanə” adlandırıb. Prezident Tramp bu ifadəni Kimin Sakit Okeanda hidrogen bombasını sınaqdan keçirəcəyini elan etməsindən sonra işlədib.
Tramp təcrid olunmuş kommunist dövlətinin liderini Tvitter hesabında hədəf alıb.
“Şimali Koreyanın Kim Conq Unu - o divanə ki, öz xalqını acından qırmaqdan ya öldürməkdən çəkinmir - misilsiz imtahana çəkiləcək,” ABŞ prezidenti bəyan edib.
Kimin dünən yaydığı bəyanat Trampın BMT Baş Assambleyasındakı çıxışına cavab olaraq verilmişdi. Həmin nitqdə ABŞ prezidenti Şimali Koreya liderini “raket adamı” adlandıraraq, Pxenyan hökumətini “vicdansız rejim” adlandırmış və ABŞ və onun müttəfiqləri təhlükə ilə üzləşdikləri təqdirdə Şimali Koreyanı “tamamilə dağıdacağını” bəyan etmişdi.
Şimali Koreya lideri Kim Conq Un ABŞ prezidentinin ünvanına sərt ifadələr işlədərək, onun “ağlı qaçmış qoca” olduğunu və ölkəsini məhv etməklə hədələdiyinə görə bədəl ödəyəcəyini bildirib. O, Trampın dövlətə başçılıq etmək qabiliyyətini sual altına alıb.
Şimali Koreya sərt beynəlxalq təzyiqlərə tab gətirərək, öz nüvə və raket proqramını həyata keçirməyə davam etdiyi zaman, Trampla Kimin bir-birinə qarşı işlətdikləri hədələyici ifadələr vəziyyəti gərginləşdirib.
Bizim hökumətimiz tarix boyu həyata keçirilən ən sərt əks-tədbirləri nəzərdən keçirəcək.Kim Conq Un
Kim Şimali Koreyanın ABŞ-a qarşı “tarixi boyu həyata keçirilən ən sərt əks-tədbirləri” haqqında düşünəcəyini və Trampın şərhlərinin ölkənin nüvə proqramını həyata keçirməkdə doğru qərar verdiyinə sübut olduğunu deyib.
Pxenyan özünün altıncı və ən böyük nüvə sınağını 3 sentyabr tarixində keçirib. Bununla bərabər, Şimali Koreya ABŞ-ı hədəf ala bilmək üçün il ərzində onlarla raket sınağı keçirməklə nüvə proqramını sürətləndirib.