Prezident Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FBI) sabiq Direktoru Ceyms Kominin Konqresdəki ifadəsindən bir gün sonra Tvitterdə sükutu pozub. Kominin Trampın FBI təhqiqatı ilə üzləşmədiyini deməsindən bir gün sonra ABŞ prezidenti sosial media platformasında özünə bəraət qazandırıldığını deyərək Komini məlumat sızdırmaqda günahlandırıb.
Tramp Komini may ayında vəzifəsindən azad edib. O FBI Direktorunu işdən çıxararkən “həmin o Rusiya məsələsinin” fikrində tutduğunu bildirmişdi.
Kapitolidə verdiyi ifadədə Komi Trampın sabiq milli təhlükəsizlik müşaviri üzərində gedən təhqiqatı dayandırmasına çalışdığına inandığını bildirib. Komi əlavə edib ki, Ağ Ev rəsmilıəri onun işdən çıxarılmasının səbəblərini ört-basdır etmək üçün “sadəcə yalanlar”-dan istifadə ediblər.
"Şübhə etmirəm ki, mən Rusiya ilə bağlı təhqiqata görə vəzifədən azad edilmişəm," Komi qanunvericilərə deyib. Sabiq direktor Amerika kəşfiyyat agentliklərinin Rusiyanın ötənilki prezident seçkilərinə müdaxilə etməsi qənaətinə gəldiklərini bir daha təsdiqləyib.
Şübhə etmirəm ki, mən Rusiya ilə bağlı təhqiqata görə vəzifədən azad edilmişəm.
Kəşfiyyat agentlikləri Kremlin Donald Trampın Demokrat rəqibi Hillari Klintonu məğlub etməsinə yardımçı olmaq məqsədilə səylər göstərdiyini deyirlər.
Prezidentin “Rusiya təhqiqatının necə aparıldığını dəyişmək üçün” göstərdiyi səylər “böyük məsələdir”, deyə Komi cümə axşamı verdiyi ifadədə vurğulayıb.