Accessibility links

Tramp koronavirus testi etdirib


Donald Tramp
Donald Tramp

Prezident Donald Tramp şənbə günü deyib ki, o, koronavirus testini edib, lakin onun hərarəti “tamamilə normaldır” və onun administrasiya pandemiyanın qarşısını almaq məqsədilə səyahət qadağasına Britaniya və İrlandiyanı da əlavə edib.

Ağ Ev brifinq otağına daxil olan jurnalistlərin hərarətini ölçüb. Prezident Tramp isə müxbirlərə deyib ki, onu cümə günü test ediblər və testin nəticələri “bir-iki gün ərzində” bəlli olacaq. O ötən həftə Braziliyanın nümayəndə heyəti ilə görüş keçirib və onlardan azı birinin testi müsbət çıxıb.

ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş eksperti, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fauçi ölkədə 2.226 yoluxma halının qeydə alındığını və ABŞ-da epidemiyanın hələ pik həddə çatmadığını bildirib.

Administrasiyanın epidemiyaya qarşı səylərinə başçılıq edən vitse-prezident Mayk Pens müxbirlərə deyib ki, qocalar evinə ziyarətlər dayandırılıb.

Şənbə günü Nyu York rəsmiləri 82 yaşlı bir qadının virus səbəbilə öldüyünü və beləcə ştatda ilk ölüm halının qeydə alındığını bildirib.

Nyu Yorkun qubernatoru Endrü Kuomo qadının martın 3-də Manhettendə xəstəxanaya yerləşdirildiyini söyləyib. O müxbirlərə deyib ki, ştatda yoluxma halları 524-ə çatıb. Ölkə boyu 2 mindən çox insan koronavirusa yoluxub, 50 nəfər həyatını itirib.

Tramp cümə günü fövqəladə vəziyyət elan edib və ştatlara koronavirusla mübarizə üçün 50 milyard dollar ayrıdığını bildirib.

Onun administrasiyası şənbə günü Avropadan səyahət qadağasına Britaniya və İrlandiyanı da daxil edib. Bu qadağanın bazar ertəsi qüvvəyə minəcəyi gözlənilir.

Koronavirus pandemiyası səbəbilə ABŞ boyu dövlət məktəbləri, idman, mədəniyyət və əyləncə tədbirləri təxirə salınıb.

İqtisadçılar deyir ki, epidemiyanın bizneslərə təsiri nəticəsində ABŞ iqtisadiyyatı tənəzzülə uğraya bilər.

XS
SM
MD
LG