Birləşmiş Ştatlar prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin bu həftə Vyetnamda Asiya ölkələrinin iqtisadi sammiti çərçivəsində görüşü belə görünür baş tutacaq. Bu haqda Kreml açıqlama verib.
Putinin beynəlxalq məsələlər üzrə müaşviri Yuri Uşakov deyib ki, “müzakirə olunası məsələlər var və biz buna hazırıq”.
Onun bildirdiyinə görə, iki liderin Vyetnamda Asiya-Sakit okeanı ölkələrinin İqtisadi Əməkdaşlıq Forumunun sessiyaları arasında görüşünün baş tutacağı gözlənilir.
Uşakov həmçinin Tramp və Putin arasında təkbətək görüşün də mümkün olduğunu, lakin bunun üçün tarixin müəyyən edilmədiyini bildirib.
Bu həftənin əvvəli Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın RİA Novosti agentliyinə bildirib ki, iki lider arasında görüş keçirilsə, Şimali Koreya ilə bağlı vəziyyətin müzakirələrin əsas diqqət mərkəzində olacağı gözlənilir.
Peskov bununla belə ABŞ və Rusiya arasında indi məqamda Şimali Koreya məsələsində əməkdaşlığın olmadığını deyib.
ABŞ prezidenti Donald Tramp hazırda Çində rəsmi səfərdədir. Pekinə yola düşməzdən əvvəl Tramp Cənubi Koreya parlamenti qarşısında çıxışında Şimali Koreya lideri Kim Yonq Unu bütün nüvə silahlarını təslim etməyə çağırıb.
Tramp çıxışında Şimali Koreyaya xəbərdarlıq edib: “Bizi zəif bilməyin və bizi sınamayın. Biz birgə təhlükəsizilyimizi, ümumi tərəqqimizi və bizim üçün müqəddəs azadlığımızı müdafiə edəcəyik.”