Accessibility links

Tramp və Putin telefon söhbəti zamanı Suriya böhranı və terrorizmə qarşı mübarizəni müzakirə edib


Ağ Ev telefon söhbətinin müsbət tonda keçdiyini bildirir

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti zamanı Suriyada vəziyyət müzakirə edilib. Bu haqda Ağ Ev açıqlama verib.

Ağ Evin bildirdiyinə görə, Donald Tramp və Vladimir Putin Suriyada böhranın olduqca uzun müddət davam etdiyi və münaqişədə bütün tərəflərin zorakılıqların dayandırılması üçün mümkün hər şeyi etməli olduğu məsələsində razılaşıblar.

Ağ Ev telefon söhbətinin müsbət tonda keçdiyini və uzunmüddətli sülhə nail olunması məqsədilə təhlükəsizlik zonalarının yaradılması kimi məsələlərin müzakirə edildiyini bildirib.

Tərəflərin eyni zamanda, Yaxın Şərqdə terrorizmə qarşı mübarizədə uzunmüddətli əməkdaşlıq və Şimali Koreyada təhlükəli vəziyyətin həll olunması yollarını da müzakirə etdiyi deyilir.

Ağ Ev Birləşmiş Ştatların Astanada mayın 3-4-ü keçiriləcək atəşkəsə dair danışıqlara nümayəndə göndərəcəyini bildirib.

İki lider arasında çərşənbə axşamı telefon söhbəti tərəflər arasında Rusiyanın keçən ay ABŞ-ın Suriyaya qarşı hərbi hücumunu tənqid etməsindən sonra ilk görüşmədir.

Çərşənbə axşamı baş tutan telefon görüşməsi Trampın prezident seçkilərində qalib gəlməsindən sonra iki lider arasında üçüncü söhbətdir. Onlar keçən ay Rusiyanın Sankt-Peterburq şəhərində baş vermiş terror hadisəsindən və yanvar ayında Trampın andiçmə mərasimindən bir həftə sonra danışmışdılar.

Seçkiöncəsi kampaniyası zaman Tramp Putinlə birlikdə terrorizmə qarşı fəaliyyət göstərəcəyinə inamını ifadə etmişdi. Lakin keçən ay Tramp müsahibələrinin birində bildirmişdi ki, hal-hazırda ABŞ ilə Rusiya arasındakı münasibətlər “bütün dövrlərin ən aşağı həddindədir”.

Eyni zamanda, Federal Tədqiqatlar Bürosu və Konqres Trampın seçki kampaniyasının Rusiya ilə kontaktları və Rusiyanın keçən il ABŞ prezident seçkilərinə müdaxiləsini araşdırır.

XS
SM
MD
LG