ABŞ prezidenti Donald Tramp ərəb ölkələrinin liderləri ilə Qətərlə diplomatik münasibətlərin kəsilməsi məsələsini müzakirə etdiyini bildirib.
Çərşənbə günü Twitter sosial şəbəkəsində yazdığı bir neçə mesajda Tramp bildirib ki, bu yaxınlarda Yaxın Şərqə səfəri zamanı Qətərin terror qruplarına maliyyə yardımını müzakirə edib.
Ər-Riyadda müsəlman liderlərini radikal islamçı qruplara qarşı mübarizəyə çağırdığı çıxışını qeyd edən Tramp mesajında yazıb: "Liderlər Qətəri göstərib-baxın!"
Tramp əlavə edib ki, Səudiyyə Ərəbistanı kralı Salmanla və müsəlman ölkələrinin liderləri ilə danışıqlarının "artıq nəticə verdiyini görməkdən məmnundur".
Regionda uzun zamandır sürən gərginliklərdən sonra bazar ertəsi Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətəri terrorizmə dəstək göstərməkdə ittiham edərək, ölkə ilə diplomatik münasibətlərin kəsildiyini elan edib. Bu ölkələrin Qətərdən səfirləri geri çağırılıb və Qətərlə quru, su və hava sərhədləri bağlanıb. Bir neçə başqa ölkə də onların misalına davam edib.
Qətərin İranla əlaqələri və ölkənin Müsəlman Qardaşları, Həmas və Əl-Qaidə kimi qruplara dəstəyi qeyd edilib.