Donald Tramp Rusiya ilə bağlı araşdırmalara bir daha hücum edib. O deyib ki, "günahkar axtarışı" kütləvi şəkildə maraqların toqquşmasına səbəb olub.
Prezidentin Müller əleyhinə dedikləri Ağ Evin son bəyanatından bir neçə saat sonra səslənib.
Ağ Evin hüquqşünası bəyanat yayaraq ABŞ prezidenti Donald Trampın xüsusi müşavir Robert Mülleri işdən çıxarmağı nəzərdən keçirmədiyini deyib.
Vəkil Tay Kobb bəyanatı martın 18-də verib. Ondan öncə Tramp bir neçə tvitində Müllerin apardığı Rusiya istintaqını tənqid edib. Müller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxiləsi və Trampın seçki kampaniyasıyla mümkün əlaqələrini araşdırır.
Trump dəfələrlə deyib ki, bu istintaqın siyasi motivli olmasına inanır, onu bəzən “əcinnə ovu”da adlandırıb.
“Mediada gedən məlumatlara və administrasiyaya ünvanlanan suallar cavab olaraq Ağ Ev bildirir ki, prezident xüsusi müşavir Robert Mülleri işdən çıxarmağı nəzərdən keçirmir, yaxud müzakirə etmir”, - Kobb deyib.
Əksər demokratlar, hətta respublikaçıların bəziləri prezidenti Mülleri vəzifəsindən kənarlaşdırmamağa çağırıb, bunun konstitusiya böhranı yarada biləcəyini deyib.
Federal Təhqiqat Bürosunun keçmiş rəhbəri olan Müller məhz Rusiya ilə Trampın seçki kampaniyası arasında əlaqəni araşdırmağa təyin olunub.
ABŞ-da xüsusi müşavir haqqında qanun ona istintaq çərçivəsində aşkarladığı istənilən cinayəti araşdırmağa imkan verir.