Birləşmiş Ştatlarda ikinci məhkəmə prezident Donald Trampın altı müsəlman ölkəsindən ABŞ-a səfərlərə qadağanın dayandırılması haqda qərarı qüvvədə saxlayıb.
San Fransisko şəhərinin 9-cu apellyasiya məhkəməsi bu gün yekdilliklə Trampın müvəqqəti səfər qadağasına qarşı qərar çıxarıb. Məhkəmə bunu prezidentin martın 2-i qərarı verməklə səlahiyyətlərini aşması ilə əsaslandırıb.
Üç hakimdən ibarət heyət bildirib ki, İmmiqrasiya və Vətəndaşlıq aktı prezidentə həm ABŞ-a kimlərin daxil olduğuna nəzarət və ABŞ-ın təhlükəsizliyini müdafiə etmək kimi geniş səlahiyyətlər versə də, mühacirət hətta prezident də daxil olmaqla, bir nəfərin həll edə biləcəyi məsələ deyil.
San Fransisko məhkəməsinin qərarı mayın 25-də Virciniya ştatında yerləşən 4-cü apellayasiya məhkəməsinin çıxardığı qərarla səsləşir. Merilend ştatının hakimi o zaman prezident sərəncamının bir neçə hissəsinin icrasının qarşısının alınması haqda qərar verib. Lakin ikinci məhkəmədə müxtəlif arqumentlər irəli sürülüb.
4-cü apellyasiya məhkəməsi prezident Trampın qadağasının altı müsəlman ölkəsindən vətəndaşların ABŞ-a 90 gün müddətdə girişi ilə bağlı hissəsinə dair qərar çıxarıb.
San Fransiskonun 9-cu apellyasiya məhkəməsi isə qadağanı daha geniş mənada şərh edərək, səfərlə bağlı qərar üçün kifayət qədər əsas olmadığını bildirib.
Tramp administrasiyası 4-cü dairə məhkəməsinin qərarından Ali Məhkəməyə apellasiya şikayəti verərək, qadağanın qarşısının alınmasının dərhal götürülməsini istəyib.