ABŞ prezidenti Donald Tramp Virciniya ştatının Şarlotsvill şəhərində keçən həfrə insan ölümülə nəticələnmiş yürüş keçirən ağ supremasistləri qınayaraq, irqçiliyin şər olduğunu deyib.
Tramp bildirib ki, neo-nasist qruplar, irqçi Ku Kluks Klan, ağdərili millətçilər və nifrət yayan başqa qrupların təşkil etdiyi nümayiş “bizim amerikalılar olaraq dəyər verdiyimiz hər bir şeyə qarşıdır”.
Amerika prezidenti Şarlotsvilldə “iqrçi zorakılıq” törədənlərin məsuliyyətə cəlb olunacağına söz verib. “Ədalət yerini tutacaq”, o bildirib.
Tramp deyib ki, Şarlotsvilldə nümayiş etdirilən fanatizmə Amerikada yer yoxdur. “Mənim də əvvəllər də dediyim kimi, dərimizin rəngindən asılı olmayaraq, biz hamımız eyni qanunlara riayət edirik. Biz eyni bayrağı salamlayırıq. Və biz hamımız bir qüdrətli Tanrı tərəfindən yaradılmışıq.”
Mənim də əvvəllər də dediyim kimi, dərimizin rəngindən asılı olmayaraq, biz hamımız eyni qanunlara riayət edirik. Biz eyni bayrağı salamlayırıq. Və biz hamımız bir qüdrətli Tanrı tərəfindən yaradılmışıq.
Tramp bu açıqlamaları ABŞ-ın nüfuzlu respublikaçı və demokrat siyasətçilərinin şənbə günü yürüşü təşkil edən ağdərili millətçilər və başqa qrupları qınamadığına görə kəskin tənqidlərə məruz qalmasından sonra veirb. Tənqidçilərin çoxu prezidentin bazar ertəsi bu qrupları birbaşa olaraq qınamasına yüksək qiymət versə də, bu qrupların ayrıca qeyd edilməsi üçün bir neçə gün vaxt lazım olduğundan gileylənib.
Bazar ertəsi günü Ağ Evdən birbaşa yayımda bəyanat verən prezident Tramp hadisələr zamanı həyatını itirmiş üç nəfərin adını qeyd edib. Bunlardan biri ağdərili millətçilərə etiraz etmək üçün mitinqə qatılan 32 yaşlı Hether Hayerdir. O, yürüşdə avtomobil yüksək sürətlə kütlənin üzərinə sürülən zaman həyatını itirib.
Nümayişi havadan izləyən zaman Virciniya ştatının polis helikopterinin qəzaya uğraması nəticəsində iki polis işçisi həyatını itirib.
Tramp bəyanat verməzdən öncə Ağ Evdə ABŞ-ın hüquq-mühafizə orqanlarının iki rəsmisi ilə görüş keçirib. Amerika prezidenti baş prokuror Ceff Seşşins və Federal Təhqiqatlar Bürosunun yeni direktoru Kristofer Reyla Şarlotsvilldə zorakılıqları müzakirə edib.
ABŞ-ın Ədliyyə nazirliyi şənbə günü zoraılıqlardan sonra vətəndaş hüquqları ilə bağlı məhkəmə işi açıb.