Accessibility links

Tramp Tereza Meyə: İndi Şimali Koreya ilə danışıqlar aparmaq vaxtı deyil


ABŞ prezidenti Donald Tramp Britaniyanın baş naziri Teresa Meyə deyib ki, Şimali Koreya ilə ölkənin nüvə silahları proqramını gücləndirdiyi bir vaxt müzakirələrə başlamaq hazırda ən yaxşı variant deyil.

“Şimali Koreya ilə danışıqlar aparmaq vaxtı deyil”, Ağ Evin iki lider arasında danışıqlarla bağlı açıqlamasında prezidentə istinadən bildirilib.

Tramp deyib ki, “Birləşmiş Ştatlar və onun müttəfiqlərinin Şimali Koreyanın təcavüzündən müdafiə edilməsi üçün bütün variantlar açıq olaraq qalır”.

İki lider bazar günü hidrogen bombası sınağı keçirdiyini elan edən Şimali Koreyaya “diplomatik və iqtisadi təzyiqləri artırmağa davam etməyə” söz verib.

Birləşmiş Ştatlar və onun müttəfiqlərinin Şimali Koreyanın təcavüzündən müdafiə edilməsi üçün bütün variantlar açıq olaraq qalır

ABŞ prezidenti Şimali Koreyanın sonuncu nüvə sınağını həmçinin Avstraliyanın baş naziri Malkolm Törnbulla müzakirə edib. Ağ Evin açıqladığı bəyanatda deyilir ki, iki lider Şimali Koreyanın nüvə silahlarından təmizlənməsi səylərinin gücləndirilməsi barədə razılıq əldə edib.

Şimali Koreya məsələsi həmçinin Trampın çərşənbə günü Çin prezidenti Şi Tsinpinlə söhbəti zamanı da müzakirə ediləcək. Çin Şimali Koreyanın qonşusu olmaqla yanaşı, Pxenyanın əsas ticarət partnyoru və strateji müttəfiqidir.

Tramp Şimali Koreya ilə biznes əlaqələri olan bütün ölkələrlə ticarəti dayandırmağa söz verib. ABŞ-ın Maliyyə naziri Stiven Manuçin belə bir plan üzərində işlədiyini və əsas hədəfin Çin olduğunu bildirib. Şimali Koreyanın ixracatdan əldə etdiyi gəlirlərin 90 faizi Çindən gəlir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG