Accessibility links

ABŞ prezidenti və birinci xanım Texasdadır


ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp tropik Harvi qasırğasının nəticələrinin aradan qaldırılması səyləri ilə tanış olmaq məqsədilə Texas ştatının Korpus Kristi şəhərinə səfər edib.

Texasda qasırğanın gətirdiyi yağışlar hələ də davam edir. Korpus Kristi keçən həftənin cümə günü güclü tufan kateqoriyasına aid edilən Harvinin təsirinə məruz qalan ilk şəhərdir. Prezident və birinci xanım bundan sonra Texas ştatının paytaxtı Ostin şəhərini ziyarət edəcək. Burada onlar yerli və ştat liderləri ilə brifinq keçirəcək və fövqəladə əməliyyatlar mərkəzinin işi ilə tanış olacaqlar.

Tramp Korpus Kristidə xilasetmə əməliyyatlarına cəlb olunmuş orqanların rəsmilərinə onların insanların həyatını xilas etmək və ştatda baş vermis böyük seldən qaçmağa çalışan insanlara yardım göstərmək işinə görə qürur hissi keçirdiyini deyib.

Trampların Hyuston şəhərini ziyarət etməsi planlaşdırılmayıb. Qasırğa nəticəsində Hyuston şəhəri sellərə qərq olub, minlərlə insan öz evlərini tərk etmək məcburiyyəti qarşısında qalıb. Amerikanın dördüncü ən böyük şəhərində sellər xilasetmə işlərinə əngəl yaradır.

Lakin Ağ Ev bildirib ki, prezident Tramp qasırğa nəticəsində vurulmuş zərərin öyrənilməsi məqsədilə şənbə günü Texasa qayıdacaq. Hava proqnozlarına görə, qasırğanın həftənin sonuna qədər zəifləyəcəyi gözlənilir.

Hyustonda evlərini su basmış 3 min 500 nəfərin xilas edilməsi əməliyyatında hökumət tərəfindən xilasetmə işçiləri və könüllülər iştirak edib. Xilasetmə əməliyyatları da helikopterlər cəlb olunub.

XS
SM
MD
LG