ABŞ prezidenti 3 anti-müsəlman motivli videonu Twitter səhifəsindəki şəxsi @realdonaldtrump hesabında paylaşıb.
Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Hakkabi Sanders Amerikanın Səsinin bu tvitlərin həqiqiliyi barədə sualını cavablandırmayıb.
Bu postu ilk olaraq Britaniyanın ifrat sağçı “Əvvəlcə Britaniya” partiyası sədrinin müavini Jayda Fransen paylaşıb. Onun Twitter-də 52 mindən çox davamçısı var.
Videoların üzərində bu sözlər yazılıb: “Islamçı qanqster yeniyetmə oğlanı ölənədək döyür”, “Müsəlmanlar Məryəm ananın heykəlini dağıdır” və "Müsəlman miqrant qoltuq ağacında olan holland oğlanı döyür”
Fransen ABŞ prezidentinə videoları paylaşdığına görə təşəkkürünü bildirib.
44 milyon izləyicisi olan Tramp videoların izlənmə sayını kəskin şəkildə artırıb. “Tramp, Allah sizi qorusun! Allah Amerikanı qorusun,” deyə Fransen yazıb.
Amerika-İslam Əlaqələri Şurası Trampın əməlini Amerika müsəlmanlarına qarşı zorakılıqların təbliği kimi qiymətləndirib.
Müsəlmanların vətəndaş hüquqlarının müdafiəsi qrupu qanunvericilər və dini liderləri prezidentin əməlini pisləməyə çağırıb.
Prezidentin videonu paylaşması ətrafında İnternetdə mübahisələr yaranıb. Britaniyalı jurnalist Pyers Morqan prezidenti dayanmağa çağırıb.
“Sabahınız xeyir, cənab prezident @realDonaldTrump, iyrənc bir şəkildə ifrat sağçı ekstremistlərin təsdiqini tapmamış videolarını neçə paylaşa bilirsiniz? Xahiş edirəm, son qoyub, tvitlərinizi geri çəkin!” Morqan yazıb.
Prezidentlik kampaniyası dönəmində Tramp müntəzəm olaraq müsəlmanların ölkəyə girişinə məhdudiyyətlər qoyulmasına çağırmışdı. Onun prezident olaraq ilk addımlarından biri bəzi müsəlman çoxluqlu ölkələrdən müsafirlərin Birləşmiş Ştatlara girişini qadağan edən sərəncama imza atması olub.
BBC xəbər verir ki,London civarında yaşayan Fransen bu ayın əvvəlində Şimali İrlandiyanın Belfast şəhərində söylədiyi nitqdə "hədə dolu və təhqiramiz" ifadələrə yol verib. O, 2016-cı ildə hicab geymiş müsəlman qadını təhqir etdiyinə görə məhkum edilmişdi.