Accessibility links

NY Times: Tramp 2016-2017-ci illərdə yalnız $750 vergi ödəyib


ABŞ prezidenti Donald Tramp prezidentliyə namizəd olduğu 2016 və prezidentliyinin ilk ili olan 2017-ci illərdə yalnız 750 dollar vergi ödəyib.

Məlumatı yayan The New York Times qəzeti bildirib ki, vergi sənədlərini ciddi şəkildə qoruyan və müasir dövrdə onları ictimaiyyətə açıqlamayan yeganə prezident olan Trump son 15 ilin 10 ili heç bir federal gəlir vergisi ödəməyib.

Vergilərin təfərrüatları Trampın özünü müdrik və vətənpərvər bir iş adamı kimi təsvir etməsini çətinləşdirir, bunun əvəzinə prezident vəzifələri ilə ziddiyyət təşkil edə biləcək bir sıra maliyyə itkiləri və xaricdən gələn gəlirlərin üstünü açır.

Prezidentin maliyyə açıqlamaları onun 2018-ci ildə azı 434.9 milyon dollar qazandığını göstərsə də, o, vergi ödəyərkən 47.4 milyon dollar itirdiyini göstərib.

Associated Press-in məqalə ilə bağlı Tramp Təşkilatının vəkili Alan Qartendən şərh alması mümkün olmayıb.

Qarten qəzetə bildirib ki, Tramp milyonlarla dollar vergi ödəyib və yalnız faktların əksəriyyəti, bəlkə də hamsını niyəsə qeyri-dəqiq göstərilir.

Tramp isə qəzetin yazdıqlarını rədd edib.

Sentyabrın 27-də keçirilən mətbuat konfransında ABŞ dövlət başçısı məqaləni "saxta xəbər" adlandırıb və heç bir açıqlama vermədən vergi ödədiyini deyib.

Vergiləri ilə bağlı məlumatların "hamısının açıqlanacağını" deyən prezident bunun tarixi barədə məlumat verməyib. O, 2016-cı il kampaniyası dövründə də bənzər vədlər vermiş, lakin onları heç vaxt yerinə yetirməmişdi.

Prezident ABŞ-ın Nümayəndələr Palatası da daxil olmaqla, onun vergi qaytarışlarına çıxış əldə etmək istəyənləri məhkəməyə verib.

Nümayəndələr Palatası da Konqresin nəzarəti çərçivəsində Trampın vergi bəyannamələrinə giriş üçün məhkəməyə müraciət edib.

Times-ın Trampın iyirmi illik vergi ödənişləri barədə məlumatı prezidentin demokrat rəqibi Co Baydenlə keçirəcəyi debatdan bir neçə gün, seçkilərdən isə bir neçə həftə əvvələ təsadüf edir.

Times Trampın prezident olduğu ilk iki il ərzində xarici əməliyyatlardan 73 milyon dollar aldığını, Şotlandiya və İrlandiyadakı golf mülklərinə əlavə olaraq Filippinlərdən 3 milyon, Hindistandan 2,3 milyon və Türkiyədən 1 milyon dollar daxil olduğunu bildirib.

Prezident 2017-ci ildə Hindistanda 145.400 dollar, Filippinlərdə 156.824 dollar vergi ödədiyi halda ABŞ-da yalnız 750 dollar ödəyib.

Qəzet yazır ki, Tramp vergilərini azaltmaq üçün müxtəlif üsullardan istifadə edib. O, ev, təyyarə və 70 min dollar ödədiyi sac düzümü kimi xərclərindən vergi qayıdışları alıb.

Məqalədə deyilir ki, Tramp vergilərinin uzadılmasını tələb etdikdən sonra təqdim etdiyi 9.7 milyon dollarlıq investisiya yatırımı ilə gəlirlərini azaltmağa nail olub və 2016-2017-ci illərdə yalnız 750 dollar vergi ödəyib.

Gəlir vergiləri ABŞ-ın hərbi və daxili proqramlarının maliyyələşdirilməsinə yardım edir.

XS
SM
MD
LG