Accessibility links

Transparency International: "Azərbaycanlıların əksəriyyəti işlərinin daha rahat getməsi üçün rüşvət verir"


Kənan Qasımov, “Şəffaflıq Azərbaycan” təşkilatının Media və İctimai Əlaqələr üzrə mütəxəssisi
Kənan Qasımov, “Şəffaflıq Azərbaycan” təşkilatının Media və İctimai Əlaqələr üzrə mütəxəssisi

Təşkilatın Azərbaycan qolunun Media və İctimai Əlaqələr üzrə mütəxəssisi Kənan Qasımov deyir ki, insanlar ən çox korrupsiyanın polis və məhkəmə sistemində olması qənaətindədirlər

Bu gün “Transparency International” təşkilatının qolu olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı mübarizə ictimai birliyi ölkədə korrupsiya ilə mübarizə istiqamətində gənclərin rolunun artırılması ilə bağlı tədbir keçirib. Qurum tərəfindən hər il açıqlanan korrupsiya indeksində Azərbaycan heç də yaxşı göstəricilər əldə etmir. Azərbaycan rəsmiləri isə bu kimi təşkilatları ABŞ hökumətinin mövqeyindən çıxış etməkdə günahlandırır. Təşkilatın Media və İctimai Əlaqələr üzrə mütəxəssisi Kənan Qasımov Azərbaycanda korrupsiyanın səviyyəsi və Azərbaycanın rəsmi mediasında dərc olunan son iki məqalə barədə xidmətimizə müsahibə verib.

Sual: Kənan bəy, sizin təşkilatınız bu gün “Korrupsiya Qavrama İndeksi”nin (KQİ) təqdimatını keçirib. İlk öncə istərdim bu indexin nə anlama gəldiyini, nələri özündə əks etdirdiyini bildirəsiniz?

Cavab:Bu, korrupsiya ilə mübarizə istiqamətində gənclərin rolunun artırılması ilə bağlı tədbir idi. Həmin tədbirdə “Transparency International” təşkilatının il ərzində həyata keçirdiyi tədbirlər və dərc olunan hesabatların qısa analizi təqdim olundu. Korrupsiya Qavrama İndeksi (KQİ) hər il açıqlanan bir indeksdir və burada korrupsiyanın qavranılması səviyyəsi müəyyən hesablamalar nəticəsində təqdim olunur. Ötən açıqlanan son indeksdə Azərbaycan 178 ölkə arasında 134-cü yerdədir. Nəticə etibarilə ötən illərlə müqayisədə bu il irəliləyiş qeydə alınmışdı.

Sual: Amma, ümumilikdə götürəndə, Azərbaycanda korrupsiyanın səviyyəsi yüksək səviyyədədir. Sorğularda bunun səbəblərini izah etmək olurmu?

Cavab: Təbii ki, müəyyən səbəblər göstərilir. Son sorğu barometrə əsaslanır və barometrdə belə bir sual ünvanlanmışdı ki, siz daha çox nələrə görə rüşvət verirsiniz? Respondentlərin demək olar ki əksəriyyəti işlərinin daha rahat getməsi üçün bu addımı atdıqlarını bildirmişdilər. Onların 20 faizi bunu verilməli olan xidmətlərdən istifadə etmək məqsədilə verdiklərini deyirlər, yəni əslində bu xidmət insanlara pulsuz şəkildə təqdim olunmalıdır. Amma insanlar bu xidməti əldə edə bilmək üçün rüşvət verdiklərini bildirirlər. 12.4 faiz respondent prosesi sürətləndirmək məqsədilə bunu etdiklərini bildirirlər. Yəni, proses qanunla 10 gün çəkməlidirsə, onlar bunu daha tez etmək üçün rüşvət verirlər. 6 faiz isə hesab edir ki, dövlət qurumları ilə problem yaşamamaq üçün rüşvət verirlər.

Sual: Korrupsiya əsasən hansı sektorlarda qeydə alınır?

Cavab: Korrupsiya barometrində göstərilən rəqəmlərdə repsondentlərin cavablarından müəyyənləşdirmək olar ki, Azərbaycanda insanlar daha çox polisdə rüşvətin olması qənaətindədirlər. Eyni zamanda insanlar təhsil, məhkəmə sahəsində korrupsiyanın yüksək olması fikrindədir. Amma onu da deyə bilərəm ki, “Şəffaflıq Azərbaycan” təşkilatı tərəfindən həyata keçirilən “ALAC” layihəsi çərçivəsində vətəndaşlardan korrupsiya şikayətləri daxil olur və o şikayətlər müvafiq dövlət qurumlarına yönləndirilir. Həmin şikayətlər əsasında deyə bilərik ki, Azərbaycanda ümumilikdə daha çox şikayət məhkəmə sahəsindəndir. Məhkəmə sahəsində kifayət qədər böyük problemlər var və insanların əksəriyyəti şikayətlərini məhkəmə qərarlarının icra olunmaması, ümumilikdə məhkəmə qərarlarında yol verilmiş qeyri-obyektiv hallarından edir. Yəni sorğunun nəticələri onu göstərir ki, polis, amma bizim həyata keçirdiyimiz layihə əsasında əldə etdiyimiz rəqəmlər onu göstərir ki, məhkəmə daha çox korrupsiyalaşıb.

Sual: Son bir neçə gündə Azərbaycanın rəsmi media orqanında Qərbi ölkələrini və təşkilatlarını sərt tənqid edən yazılar dərc olunub. Məqalələrdə deyilir ki, beynəlxalq təşkilatlar ABŞ hökumətinin maraqları çərçivəsində hərəkət edir. Sizin təşkilatın bu fikrə münasibəti necədir?

Cavab: Mən öz təşkilatımızın adından bunu deyə bilərəm ki, həmin siyahıya “Transperancy International” təşkilatının adının salınmasının heç bir halda məntiqli izahı yoxdur. Ona görə ki, “Transperancy International” təşkilatı Almaniyada təsis edilib və onun baş qərargahı Berlində yerləşir. Bu təşkilatın ABŞ təşkilatı kimi göstərilməsinin nə əsaslandığı heç bir halda məlum deyil. Bizim təşkilatın yaranma nizamnaməsi də hər şeyi açıq göstərir. Məhz öz təşkilatımız adından deyə bilərəm ki, bu heç bir halda reallığı əks etdirmir.

XS
SM
MD
LG