İran cəza məhkəməsi 2013 ilin fevral ayında Asiya Çempionlar Liqası oyunları çərçivəsində Təbrizdə keçirilən Traktorsazi-Əl-Cəzirə matçından sonra nəzarət altına alınmış 19 futbol azarkeşini şərti olaraq 3 ay 1 gün həbs və 30 şallaq cəzasına məhkum edib.
Hakim Səccad Həbibi tərəfindən çıxarılan hökm Oyan News saytı tərəfindən nəşr edilib.
Sənəddə yazılanlara görə, 19 Traxtor azarkeşi Traxtor və Əbu-Dabinin "Əl-Cəzirə" komandaları arasındakı futbol matçı zamanı iğtişaş və qarışıqlıq törətdikləri üçün ümumi asayişi pozmaqda günahlandırılıblar.
Müttəhimlər gələn 2 il ərzində bənzər fəaliyyətlər göstərsələr hökm qəti hesab edilərək, şallaq və həbs hökmü icraya qoyulacaq.
Traktorsazi-Əl-Cəzirə futbol matçında baş verən olaylar İran, ərəb ölkələri və Türkiyə mediasında geniş şəkildə işıqlandırılmışdı. Həmin oyun zamanı Təbriz stadionunda üzərində ingiliscə “Güney Azərbaycan İran Deyil” sözləri yazılmış böyük plakat nümayiş etdirilmişdi.
Hakim Həbibinin imzaladığı hökmdə sözügedən 19 nəfərdən əlavə bir neçə başqa müttəhimin də spirtli (alkollu) içki içmək və evlilikdən xarici əlaqədə olmaqla ittiham edildiyi bildirilib.