Floridanı vuran İdalia tropik fırtınası bir gün sonra, cümə axşamı ABŞ-ın Şimali Karolina ştatına güclü yağışlar gətirib.
Milli Qasırğa Mərkəzi Şimali Karolinanın sahilyanı ərazilərində genişmiqyaslı daşqınların baş verdiyini, fırtınanın mərkəzinin günün gecə saatlarında Atlantikaya doğru hərəkət edəcəyini bildirib.
Hələ tropik fırtına gücü saxlayacağı guman edilən İdalia Bermud adasına doğru irəliləyəcəyi gözlənilir. Ada çərşənbə günü başqa bir qasırğa, Franklin qasırğasının yağışları ilə mübarizə aparıb.
Floridada sahilyanı əraziləri suya qərq edən və Cənubi Karolinada azı bir tornadoya səbəb olan İdalia Florida və qonşu Corciya ştatlarında 500 minə yaxın insanı elektriksiz qoyub.
Fırtına quruya təxminən saatda 200 km sürətli küləklərlə çatıb və 1896-cı ildən bəri Floridanın Big Bend bölgəsini vuran ən güclü qasırğa olub.
Rəsmilər Floridada hava şəraiti ilə əlaqədar avtomobil qəzalarında azı iki nəfərin, Corciya ştatında isə fırtına səbəbindən bir nəfərin öldüyünü bildirib.
Xilasetmə və təmir işlərinə hazırlıq çərçivəsində Milli Qvardiyanın 5500-ə yaxın əsgəri və 30 mindən çox kommunal işçi işə cəlb edilib.
Forum