Donald Trampın uzun müddətdir müttəfiqi olan Stiv Bannon 6 yanvar 2021-ci ildə ABŞ Kapitoli binasına hücum ilə bağlı Konqresin təhqiqatı ilə bağlı məhkəmədən çağırışa əməl etmədiyinə görə dörd aylıq həbs cəzasını çəkdikdən sonra çərşənbə axşamı həbsdən azad edilib.
Federal Həbsxanalar Bürosunun sözçüsü Kristi Breşirsin sözlərinə görə, Bannon Konnektikut ştatının Denböri şəhərindəki Federal İslah Müəssisəsini tərk edib. Bannonun nümayəndələri onun bu gün daha sonra Manhettendə mətbuat konfransı keçirməyi planlaşdırdığını bildiriblər. Həmçinin onun çərşənbə axşamı podkastını davam etdirəcəyi gözlənilir.
70 yaşlı Bannon hökmündən apellyasiya şikayəti verdiyi zaman iyulun 1-də Ali Məhkəmənin onun həbs cəzasının təxirə salınması haqda müraciətini rədd etdikdən sonra həbsxanaya göndərilib.
Münsiflər məhkəməsi 2022-ci ildə Bannonu Konqresə hörmətsizliklə bağlı iki fakt üzrə təqsirli bilib. Bunlardan biri yanvarın 6-da Nümayəndələr Palatasının Komitəsində ifadə verməkdən imtina etməsi, ikincisi isə Trampın 2020-ci il Co Baydenə məğlub olduğu prezidentlik yarışının nəticələrini ləğv etmək səylərində iştirakı ilə bağlı sənədləri sənədləri təqdim etməkdən imtina etməsi ilə bağlıdır.
İyul ayında cəzasını çəkməyə başlayanda Bannon özünü "siyasi məhbus" adlandırıb.
"Mən həbsxanaya getməyimlə fəxr edirəm", Bannon həmin vaxt deyib və baş prokuror Merrik Qarland və "korrupsioner"adlandırdığı Ədliyyə Departamentinə qarşı çıxdığını əlavə edib.
Respublikaçı Tramp gələn həftə keçiriləcək seçkilərdə Demokratlar Partiyasının vitse-prezidenti Kamala Harrisə qarşı yarışda yenidən prezident postuna qayıtmağa çalışır.
May ayında federal apellyasiya məhkəməsinin kollegiyası Bannon haqqında hökmü qüvvədə saxlayıb. Bannon indi tam tərkibdə apellyasiya məhkəməsindən onun işinə baxılmasını istəyir. Onun hüquqşünaslar komandası Trampın icraedici hakimiyyət imtiyazından istifadə etdiyi üçün Konqresin çağırış vərəqəsinin etibarsız olduğunu iddia etmişdi. Bununla belə, prokurorlar Bannonun illər əvvəl Ağ Evi tərk etdiyini və Trampın heç vaxt komitə qarşısında icraedici hakimiyyət imtiyazlardan istifadə etmədiyini deyirlər.
Bannon ABŞ-Meksika sərhədi boyunca divar tikmək üçün pul verən donorları aldatmaq iddiası ilə Nyu York ştat məhkəməsində əlavə cinayət ittihamları ilə üzləşir. Bannon çirkli pulların yuyulması, sui-qəsd, fırıldaqçılıq və digər ittihamlar üzrə özünü təqsirli bilməyib. Bu iş üzrə məhkəmə prosesi dekabrda başlanacaq.
Forum