Accessibility links

Tramp müdafiə nazirinin adını açıqlayıb


ABŞ-ın növbəti prezidenti seçilmiş Donald Tramp təqaüddə olan dəniz qüvvələri generalı Ceyms Mattisi öz administrasiyasının müdafiə naziri seçib. Ancaq onun nominasiyasının təsdiq olunması üçün federal qaydalara dəyişiklik etməyə ehtiyac olacaq.

Ohayo ştatının Sinsinnati şəhərində qələbə sonrası kampaniya yürüşü keçirən Tramp dünən axşam çıxışı zamanı bir gün əvvəl mediada yayılan məlumatları təsdiq edib.

O, bir döyüşçü, alim və sərrast atıcıdır... o hamıya həqiqəti söyləyir və əminəm ki, ali baş komandana da bütün həqiqətləri söyləyəcək.
Pentaqon rəsmisi

Döyüşməyi sevdiyini söyləyəndən sonra "Quduz it" ləqəbi ilə tanınan Mattis Əfqanıstan və İraq müharibələrində komandir olub. Pentaqonun sabiq yüksək rütbəli şəxslərindən biri The Washington Post qəzetinə deyib ki, Mattis çox hörmət olunan şəxsdir.

"O, bir döyüşçü, alim və sərrast atıcıdır... o, hamıya həqiqəti söyləyir və əminəm ki, ali baş komandana da bütün həqiqətləri söyləyəcək" - deyə adının çəkilməyini istəməyən rəsmi bildirib.

Ancaq Mattisin təyinatının ABŞ Senatı tərəfindən təsdiq olunması üçün, Konqres federal qanunlara düzəliş etməlidir. Qanuna görə, müdafiə naziri olmaq üçün hər hansı keçmiş hərbçi səlahiyyətlərinin icrasına başlamamışdan ən azı 7 il əvvəl ordudan təqaüdə çıxmalıdır. Mattis isə 2013-cü ildə təqaüdə çıxıb.

Trampın əfsanəvi ABŞ generalı Corc Pattona bənzətdiyi Mattis bəlağətsiz çıxışlarına görə tanınır. Bəzi hallarda onun ritorikası suallarla qarşılanıb.

“Gedirsən Əfqanıstana. Orada adamlar var ki, beş il qadınları çadra geyinmədiklərinə görə şillələyirlər. Belələrini güllələmək əyləncədir,” deyə o, 2005-ci ildə bildirmişdi.

Oxuduqlarımın sayəsində məni heç vaxt hansısa situasiya çaşdırmayıb. Oxuduqlarımda mən bütün cavabları tapmıram, ancaq onlar qarşıdakı qaranlıq çığırı işıqlandırır.
General Mayor Ceyms Mattis

Eyni zamanda heç televizoru da olmayan və heç vaxt evlənməmiş general “rahib döyüşçü” kimi tanınır. Belə ki, o, həm də hərbi tarix kitablarının aktiv oxuyucusudur.

“Oxuduqlarımın sayəsində məni heç vaxt hansısa situasiya çaşdırmayıb,” o həmkarına məktubda yazıb. “Oxuduqlarımda mən bütün cavabları tapmıram, ancaq onlar qarşıdakı qaranlıq çığırı işıqlandırır.”

Senat tərəfindən təsdiq olunarsa, General Mattis 1950-51-ci ildə müdafiə naziri olmuş Corc Marşalldan bəri ilk general nazir olacaq.

XS
SM
MD
LG