Accessibility links

Tramp hüquqi çətinliklər içində siyasi dayanıqlıq nümayiş etdirir


ABŞ-ın sabiq prezidenti Donald Tramp bir sıra cinayət ittihamları və qarşıdan gələn məhkəmələrlə üz-üzədir. O, 2024-cü ildə Respublikaçı prezidentliyə namizədlik uğrunda yarışdığı rəqibləri ilə beş debatı buraxıb və 2020-ci ildə prezident Co Baydenə uduzaraq yenidən seçilməkdən məhrum edildiyinə dair yanlış iddialar irəli sürməyə davam edir.

Lakin 2024-cü ildə Respublikaçıların prezidentliyə namizədliyi uğrunda Ayova ştatında ilk səsvermə onun tərəfdarları ilə arasında möhkəm əlaqənin olduğunu sübut edib. Belə ki, o həmin ştatdakı 99 mahaldan 98-də qələbə qazanıb.

Tramp çərşənbə axşamı Truth Sosial platformasında Ayovadakı qələbəsini "tarixi" adlandırıb.

Trampın kampaniyası onun martın sonuna qədər ardıcıl olaraq üçüncü dəfə Respublikaçıların prezidentliyə namizədliyini əldə edəcəyini, önümüzdəki həftələrdə daha çox ştat üzrə praymeriz və kokuslarda qələbələrin olacağını proqnozlaşdırıb.

Növbəti səsvermə çərşənbə axşamı şimal-şərq Nyu-Hempşir ştatında Respublikaçıların praymerizində keçiriləcək. Orada rəy sorğuları Trampın əhəmiyyətli bir üstünlüyə malik olduğunu, lakin daha öncəki sorğular Heylinin də irəliləyiş əldə etdiyini göstərir.

Tramp həmçinin fevralın əvvəlində Nevada Respublikaçılarının prezident seçkilərində və fevralın sonunda Heylinin vətəni olan ştatda keçirilən ilkin seçkilərdə qalib gəlmək üçün yaxşı mövqedə görünür.

Tramp bazar ertəsi sosial şəbəkədəki paylaşımında iddia edib ki, Heyli “Amerikanı yenidən möhtəşəm edək” kampaniyasının tərəfdarlarının dəstəyini “heç vaxt” qazana bilməyəcək.

“RINOS (Yalnız Sözdə Respublikaçılar olanlar) və AMERİKANI BİRİNCİ qoymayan namizədlərin günləri bitdi!” - deyə, o açıqlayıb.

Ayovada seçicilərin böyük dəstək nümayişinə rəğmən, Tramp çərşənbə axşamı siyasətdən kənar ictimai həyatının reallığına geri dönüb.

O, münsiflər məhkəməsinin yazıçı E. Cin Karrolun 2019-cu ildə ona təcavüz etdiyinə dair iddiasını "tamamilə yalan" olaraq rədd etdiyi zaman Trampın ona böhtan atdığı iddiasına görə 10 milyon dollar və ya daha çox təzminat ödəmək hüququna malik olub-olmadığını müzakirə edəcəyi Nyu York məhkəmə zalında görüntülənib. O, həmçinin yeni nəşr etdiyi kitabın satışını artırmaq üçün iddianı uydurduğunu deyib.

Keçən may ayında münsiflər məhkəməsi artıq Trampın “Elle” jurnalının keçmiş məsləhətçi köşə yazarı Karrola 2022-ci ildə onun iddiasını “tam saxtakarlıq” adlandırdığı sözlərə görə 5 milyon dollar ödəməsinə dair qərar çıxarıb.

Tramp yeni məhkəmə işində Karroll əleyhinə ifadə vermək istədiyini desə də, məhkəməyə sədrlik edən hakim faktların əvvəlki işdən təsdiqləndiyinə qərar verib. Həmin vaxt münsiflər məhkəməsi Trampın onu univermaqda soyunub-geyinmə otağında cinsi istismara məruz qoyduğu, lakin təcavüz etmədiyi barədə qərar çıxarmışdı.

Truth Social-da Tramp 80 yaşlı Karrolun qaldırdığı işin federal hökumətin Ədliyyə Departamenti ilə heç bir əlaqəsi olmayan mülki bir iş olsa da, “Baydenin təşviq etdiyi ifritə ovu” olduğunu iddia edib. Həmin işdə xüsusi prokuror Cek Smit Trampı cinayət işi çərçivəsində qanunsuz olaraq 2020-ci il seçkilərindəki məğlubiyyətini ləğv etmək cəhdində ittiham edib.

Ümumilikdə, Tramp dörd ittihamnamə üzrə 91 ittihamla üzləşib və o, hər hansı qanunu pozduğunu rədd edir.

Tramp Karrolun iddiasını "heç vaxt görüşmədiyim, görmədiyim və toxunmadığım bir qadının SAXTA işi" adlandırıb. O, Nyu-Yorkda "məşhurlar sırası"nda bir yerdə dayandıqları çoxdan çəkilmiş fotoşəkilin onunla görüşdüyünü sübut etmədiyini bildirib.

Forum

XS
SM
MD
LG