Çərşənbə günü Ağ Evdə ilk iftar süfrəsi açan prezident Donald Tramp qonaqlarını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı ilə təbrik edib.
Tramp deyib ki, “bu tədbir dünyanın ən böyük dini ənənəsinə həsr edilib.”
“Sizin hər biriniz və bütün dünya müsəlmanlarının Ramazan bayramı mübarək. Bu axşam bu məclisdə toplaşaraq biz dünyanın böyük dinlərindən birinin müqəddəs ənənəsini qeyd edirik. İslam dinindən olan insanlar üçün İftar süfrəsi Ramazan ayı orucluğun sonunu təcəssüm etdirir”- deyə, Tramp bildirib.
Ötən il Tramp bundan əvvəlki bir neçə prezident tərəfindən ənənə halını alan İftar ziyafəti verməmişdi.
İftar zamanı Ağ Ev qarşısındakı etirazçılar Trampın müsəlmanlara qarşı pis rəftarına dair narazılıqlarını ifadə edib.
“Biz ötən həftə elan edilmiş Ağ Ev iftar mərasiminin keçirilməsinə etiraz edirik. Biz düşünürük ki, bu, ikiüzlülüyün son həddidir. Bir tərəfdən Donald Tramp müsəlmanların Amerikaya gəlməsini qadağan edir, digər tərəfdən isə yüksək səviyyəli diplomatları Ağ Evə dəvət edir və onlara İftar süfrəsi açır”- deyə, nümayişçilərdən biri Bilal Əskaryar bildirir.
2016-cı il prezident kampaniyasında Tramp müsəlmanların ABŞ-a daxil olmasına tam qadağa tətbiq edilməsinə çağırıb və müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdən mühacirətə məhdudiyyət qoyulmasına dair bir neçə sərəncam imzalayıb.