Accessibility links

Münsiflər məhkəməsi Trampa qarşı 37 maddə üzrə ittiham irəli sürüb


Donald Tramp.
Donald Tramp.

Cümə günü ictimaiyyətə açıqlanan ittiham aktına əsasən, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evi tərk etdikdən sonra məxfi sənədlərin, o cümlədən ABŞ-ın nüvə və müdafiə proqramları ilə bağlı yüksək səviyyədə məxfi sənədlərin yanlış saxlanılması iddiası ilə əlaqədar 37 ağır cinayət ittihamı ilə üzləşir.

İttiham aktında deyilir ki, Tramp ən azı iki dəfə ABŞ-ın hərbi əməliyyatları ilə əlaqədar məxfi sənədləri təhlükəsizlik yoxlanışından keçməyən insanlara göstərib. Bu sənədlərdən biri ordu rəsmisinin tərtib etdiyi başqa bir ölkəyə qarşı "hücum planı" olub.

İttiham aktındakı 37 maddədən 31-i milli müdafiə məlumatlarının qəsdən saxlanmasına aiddir. Digərləri isə iddia edilənə görə, konspirasiya, maneə törətmək və yalan ifadə verməklə əlaqədardır. Ümumilikdə, Trampın bu ittihamlar üzrə günahkar olduğu sübut olunsa, o, illərlə həbs cəzası ilə üzləşə bilər.

ABŞ Ədliyyə Nazirliyi Trampı Ağ Evdən ABŞ-ın cənubundakı Florida ştatındakı malikanəsinə və şimal-şərqində Nyu Cersi ştatındakı qolf klubuna apardığı sənədləri qaytarmaq tələblərinə məhəl qoymamaqda və köməkçilərindən onu gizlətməyə yardım etmələrini istəməkdə ittiham edir.

Köməkçi ittihamlarla üzləşir

Trampın yardımçısı Volt Nauta da bu məhkəmə işində ittihamlarla üzləşir. O, Trampa sənədləri gizlətməyə yardım etmək iddiası ilə altı maddə üzrə ittiham olunur.

İttiham aktına əsasən, Tramp vəkillərinə deyib ki, o, insanlarınn Floridadakı evində saxlanılan və sənədlərin olduğu quturala baxmalarını istəməyib.

İttiham aktında deyilir ki, Tramp vəkillərindən birinə “Burda heç nəyin olmadığını desək, daha yaxşı olmazmı?” deyib.

İttiham aktında Trampın Mar-a-Lago iqamətgahını sənədlərin orada saxlandığı zaman on minlərlə qonağın qaldığı aktiv sosial klub kimi təsvir edib.

Orada deyilir ki, Tramp məxfi sənədləri Floridadakı iqamətgahında bir neçə otaqda, o cümlədən vanna otağı, zal, anbar, ofis və yataq otağında saxlayıb.

Məhkəmə araşdırmasına başçılıq edən ABŞ-ın xüsusi prokuroru Cek Smit cümə günü Vaşinqtonda müxbirlərə qısa açıqlamasında deyib ki, “Bizim bu ölkədə qanunlarımız var və onlar hamıya şamil edilir.”

“Milli müdafiə məlumatlarını qoruyan qanunlarımız Birləşmiş Ştatların təhlükəsizliyi üçün kritikdir və onlara əməl edilməlidir. Həmin qanunların pozulması ölkəmizi risk altında qoyur,” o deyib.

Smit deyib ki, Tramp hər hansı bir təqsirləndirilən şəxs kimi təqsiri sübut oluna qədər, təqsirsiz hesab edilməlidir və onun ofisi onun Florida sakinlərindən ibarət münsiflər məhkəməsi qarşısında tez bir zamanda mühakimə olunmasını tələb edəcək.

Tramp sosial media platforması olan Truth Social-da Smiti cümə günü “Trampdan Nifrət Etmək”də ittiham edib.

Tarixdə bir ilk

Floridada federal münsiflər məhkəməsi Trampa qarşı ittiham irəli sürüb. Bununla da o, federal ittiham irəli sürülən ilk Amerika prezidenti olub.

Bundan qısa müddət sonra Tramp Truth Social-da ittihamın irəli sürüldüyünü təsdiqləyib və deyib ki, o, çərşənbə axşamı Mayamidə məhkəməyə çağırılıb.

“Səhv Bayden administrasiyası mənim vəkillərimə xəbər verib ki, mənə qarşı, belə görünür Qutu Fırıldağı ilə əlaqədar ittiham irəli sürülüb,” Tramp FBI-ın ötən ilin avqust ayında onun Floridadakı iqamətgahında ələ keçirdiyi məxfi sənədlərlə dilu qutulara istinadən yazıb.

Tramp bideo bəyanatında qətiyyətlə iddia edib ki, prezident Co Baydenin administrasiyası onu hədəfə almaq üçün Ədliyyə Nazirliyi və FTB-dən “sui-istifadə edir”.

“Mən günahsız insanam, mən günahsız insanam,” Tramp deyib. Biz bunun davam etməsinə icazə verə bilmərik, çünki bu, ölkəmizi parça-parça edir.”

Bayden cümə günü ittihamla bağlı şərh verməkdən imtina edib.

XS
SM
MD
LG