Accessibility links

Donald Tramp:"Artıq trans-seksuallar ABŞ ordusunun heç bir bölməsində qulluq edə bilməz" [Video]


Prezident Donald Tramp bundan sonra Birləşmiş Ştatlar ordusuna trans-seksualların qulluq edilməsinə icazə verilməyəcəyini bəyan edib. Belə bir gözlənilməz qərar Pentaqonu, Respublikaçı və Demokratlardan bəzilərini, eləcə də vəkillər qruplarını təəccübləndirib. Obama administrasiyası siyasətinin ləğvi hazırda hərbi qulluqda olan 2500-ə qədər trans-seksual hərbiçiyə təsir edəcək.

Prezident Tramp ordu ilə bağlı qərarını çərşənbə günü səhər Twitter vasitəsilə açıqlayıb və bildirib ki, artıq trans-seksuallar Birləşmiş Ştatlar ordusunun heç bir bölməsində qulluq edə bilməz.

Ağ Evin mətbuat katibi Sara Hakebi Sanders prezidentin ordu ilə bağlı qərarı nəyə görə dəyişdiyini anlatmağa çalışır. “Prezident Obamanın siyasətinin qüvvəyə minməsindən bəri narahatlığını bildirir və o, bu siyasətin çox baha başa gəldiyini, trans-genderlərin tibbi xidmətinə böyük pullar xərcləndiyini və onların orduya sabitsizlik gətirdiyini deyir. Milli təhlükəsizlik komandası ilə məsləhətləşmələrdən sonra bunun hərbi hazırlıq və vahid birliyin pozulmasına gətirib çıxardığı qənaətinə gəlinib.”

Bu qərar trans-seksual hərbiçilərə vaxtı başa çatmaqda olan səhiyyə qaydaları planının yenilənməsindən bir gün əvvəl verilib. Belə bir qərar Birləşmiş Ştatların hər iki partiyasından olan bəzi qanunvericilərı hiddətləndirib. Senator Orrin Hatç: “Mənim fikrimcə onlar da insandır və onların da qulluq etməyə haqqı var.”

Demokrat senator Dik Dorbin: “Məhkəmənin Amerikadakı trans-seksuallarla bağlı qərarı var. Orduda qulluq etmək istəyən trans-seksuallar bu ölkə qarşısında öz borclarını yerinə yetirə bilər”

Trans-seksualları müdafiə fəalları belə bir qərarın böyük uğursuzluq olduğunu deyirlər. “Birləşmiş Ştatlar 2016-cı ildə homoseksuallara qarşı qeyri-bərabərliyə qadağaya son qoyaraq, Avstraliya, Kanada, İngiltərə və İsrailin də daxil edildiyi 18 ölkəyə qoşulduqdan sonra buradakı homoseksuallara orduda xidmət etmək imkanı da verildi. Bu, ölkəmizin tarixində ən gözəl an idi” deyə, LGBT fəalı David Klimnik bildirir.

Trans-seksual Coan Horton II Dünya Müharibəsinin veteranıdır. “Mən xidmətdə olarkən digər tran-gender qadın tanımırdım, çünki o zaman mənim kimilər hesab edirdilər ki, yeganə belə adamdırlar. İndi vəziyyət bir az dəyişib. Mən Koreyada və Vyetnam bataqlıqlarında qulluq edən trans-gender qadınların çoxunu tanıyıram. Hazırda vətən uğrunda canlarında keçmək istəyən trans-seksuallar var və təəssüflər olsun ki, onlar qəbul edilmir.”

Ağ Evin bu qadağanın ordunun trans-seksual üzvlərinə necə təsir edəcəyi barədə heç bir fikri yoxdur. Lakin qərarın Müdafiə Nazirliyi ilə əməklıq yol ilə qanuni şəkildə həyata tətbiq ediləcəyi bildirilir.

XS
SM
MD
LG