Accessibility links

Tramp Respublikaçılar Partiyasından ikinci dəfə prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşır


Sabiq ABŞ prezidenti Donald Tramp 2024-cü ildə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq iddiasında daha bir mühüm qələbəyə hazırlaşır. Sorğular çərşənbə axşamı Nyu-Hempşir ştatının şimal-şərqində keçiriləcək Respublikaçılar Partiyasının ilkin səsverməsində onun əhəmiyyətli dərəcədə üstün olduğunu göstərib.

Bazar günü Florida qubernatoru Ron Desantisin kampaniyasını bitirdiyini elan etməsi ilə Tramp həm Nyu-Hempşirdə, həm də ümumilikdə yarışda dəstək qazanıb.

Desantis Trampa ciddi rəqib kimi çıxacağına dair gözləntiləri yerinə yetirə bilməyib və onun yarışdan çıxması ilə Tramp və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli iki əsas Respublikaçı namizəd olaraq qaldı.

Bazar günü CNN-in yeni sorğusu göstərib ki, Tramp Nyu-Hempşirdə səslərin 50%-ni toplayacaq, onun rəqibi Nikki Heyli üçün isə bu göstərici 39%-ə, Desantis üçün isə 6%-ə bərabər olacaq. Sorğunun nəticələri digər xəbər agentlikləri tərəfindən ştatda keçirilən son sorğuya uyğun olub.

Tramp keçən həftə Respublikaçıların Ayova ştatında səslərin 50%-dən çoxunu toplayaraq həm Desantis, həm də Heylini üstələyərək qalib gəlib.

Tramp və Heyli həftə sonu boyunca qarşılıqlı ittihamlarla yadda qalıblar, Desantis isə Cənubi Karolinaya səfər edib və namizədliyindən imtina etməzdən əvvəl Nyu-Hempşirə qayıdıb.

Cənubi Karolinadakı partiyanın ilkin seçkilərinə bir aydan çox vaxt qalıb. Lakin Tramp bu həftə sonu Heylinin öz ştatındakı nüfuzunu azaltmağa çalışıb. Trampı təsdiqləyən bir sıra Cənubi Karolina rəsmisi onun yanında olmaq üçün 1300 kilometrdən çox (təxminən 807,8 mil) uzaqlıqdakı Nyu-Hempşirə yollanıblar.

“Nyu-Hempşir sakinləri, Nikki Heyli haqqında bilməli olduğunuz odur ki, hər bir qlobalist, liberal, Bayden tərəfdarı və “Heç vaxt Trampçı olmayan” onun tərəfindədir və faktiki olaraq onun doğma Cənubi Karolina ştatındakı liderlər bizim tərəfimizdədir. Demək olar ki, hamı bizimlədir” - deyə, Tramp çıxışı zamanı qeyd edib.

Heyli 77 yaşlı Trampın əqli qabiliyyətinin getdikcə azaldığını iddia edib və bildirib ki, nə o, nə də 81 yaşlı Bayden ölkəyə rəhbərlik etməlidir.

Həftəsonu çıxışında Tramp 6 yanvar 2021-ci ildə 2000 Tramp tərəfdarı Baydenin qələbəsinin Konqresdə təsdiqlənməsini dayandırmağa cəhd etdikdə ABŞ Kapitoli binasında təhlükəsizliyin olmamasında Heylini dörd dəfə günahlandırıb.

Forum

XS
SM
MD
LG