Sabiq Prezident Donald Tramp cümə günü Nyu Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək, seçilsə, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün “hər iki tərəf üçün faydalı nə isə tapa” bilməyi vəd edib.
Amerikanın Səsinin sualına cavab verən prezidentliyə Respublikaçı namizəd Rusiyanın 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə başlayan döyüşlərə tez bir şəkildə son qoyacağına dair iddiasını təkrarlayıb.
“Bizim çox yaxşı münasibətimiz var və mənim, bildiyiniz kimi, [Rusiya] Prezidenti [Vladimir] Putinlə də çox yaxşı münasibətim var. Və mən düşünürəm ki, biz qalib gəlsək, məncə biz bunu tez bir zamanda həll edəcəyik.”
Bu, noyabr ayında keçiriləcək prezident seçkisində kimin qalib gəlməsindən asılı olmayaraq Vaşinqtonunun onun müharibə səylərini davam etdirəcəyinə dair zəmanət almağa çalşan Zelenski üçün mühüm bir görüşdür.
“Bizim ortaq görüşümüz odur ki, Ukraynada müharibə dayanmalıdır və Putin qalib gələ bilməz,” Zelenski Trampın yanında dayanarkən deyib.
Tramp dəfələrlə Rusiya-Ukrayna müharibəsinin bitməsini istədiyini bildirsə də, Kyivin qalib gəlməsini və ya bütün ərazilərini saxlamasını istəyib-istəmədiyini açıqlamayıb.
“Nə olduğunu görəcəyik,” o, cümə günü Ukraynanın müharibəyə son qoymaq üçün torpağının bir hissəsini Rusiyaya verməli olub-olmadığına dair suala cavab olaraq bildirib.
Zelenski etiraf edib ki, ABŞ-da prezident seçkisindən öncə Rusiyaya qarşı müharibədə qalib gələ bilməz.
“Biz başa düşürük ki, noyabrdan sonra biz qərar verməliyik və biz ümid edirik ki, Birləşmiş Ştatların dostları çox güclü olacaq, və biz buna güvənirik,” o deyib. “Buna görə də, mən hər iki namizədlə görüşməyə qərar verdim.”
Rəy sorğularında Trampa dəstək demək olar ki, Prezidentliyə Demokrat namizəd Vitse-prezident Kamala Harrislə eynidir. Zelenski Harrislə cümə axşamı Vaşinqtonda görüşüb. Bundan öncə isə o, Prezident Co Baydenlə görüş keçirib.
Kyivin Moskva ilə razılıq əldə etməsinə çağıran Trampdan fərqli olaraq, Harris müharibənin necə bitəcəyinə Ukraynanın qərar verməli olduğunu vurğulayıb.
“Mən Ukraynanın yanında olmağa davam edirəm və Ukraynanın bu müharibədə qalib olmasını təmin etmək üçün çalışacağam,” o vəd edib.
Harris ad çəkmədən, Trampı Ukraynanı müharibəyə son qoymaq üçün Rusiyaya ərazi vermək çağırışlarına görə tənqid edib. O, Respublikaçıların vitse-prezidentliyə namizədi JD Vansın Ukraynada daha az ərazinin qalacağı və Qərblə ittifaqa aparan yolunun olmayacağına dair təklifinə diqqət çəkib.
Vans bu yaxınlarda verdiyi müsahibəsində Ukrayna və Rusiyaya döyüşləri dayandırmağı və hazırkı döyüş xəttində demilitarizasiya zonası yaratmağı təklif edib. Onun təklifinə əsasən, Kyiv neytral statusa riayət etməli və NATO-ya üzv olmaq cəhdini dayandırmalıdır.
“Bu təkliflər Putinin təklifləri ilə eynidir və açıq deyək ki, onlar sülh təklifləri deyil. Əvəzində onlar təslim olmaq təklifləridir, bu da təhlükəli və qəbuledilməzdir”, Harris deyib.
“Bu, təslim olmaq deyil,” deyə, Tramp cümə axşamı cavab verib. “Mənim strategiyam həyatları xilas etməkdir.”
Trampla Zelenski arasında gərginlik
İki lider arasında bir müddətdir gərginlik davam edir. Çərşənbə günü seçki kampaniyası zamanı Tramp Zelenskini ona qarşı "kiçik, iyrənc iftiralar" atmağına görə tənqid edib. Onun Zelenskinin bu yaxınlarda New Yorker jurnalında dərc olunan məqalədəki şərhində Trampın “müharibənin necə dayandırılacağını bildiyini düşünsə belə, əslində bunu bilmir” deməsinə istinad etdiyi güman edilir.
Tramp 2022-ci ilin fevralında Moskvanın Ukraynaya hərbi müdaxiləsindən sonra baş verən müharibənin uzadılmasına görə Bayden administrasiyası ilə birlikdə Ukrayna liderinin günahkar olduğunu irəli sürüb.
“Bayden və Kamala, Zelenskiyə heç bir ölkənin görmədiyi maddi və hərbi dəstək verərək bunun baş verməsinə icazə veriblər”, Tramp Şimali Karolinada deyib. O, Kyivin Rusiya qoşunları hücum etməzdən əvvəl Moskvaya güzəştə getməli olduğunu iddia edərək, Ukraynanın indi “xarabalıqlar altında” olduğunu və müharibənin sona çatması ilə bağlı danışıqlar aparmaq iqtidarında olmadığını iddia edib.
Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün bazar günündən bəri ABŞ-da olan Zelenski cümə axşamı yola düşməli idi, lakin Tramp görüşü elan etdikdən sonra səfərini uzadıb.
Forum