Accessibility links

Türkiyə Amerikanın Səsinin Türk xidmətinə girişi bloklayıb


Amerikanın Səsinin Vaşinqtondakı baş ofisi
Amerikanın Səsinin Vaşinqtondakı baş ofisi

Türkiyənin media tənzimləyicisi ölkədə Amerikanın Səsinin Türkiyə xidməti və Almaniyanın Deutsche Welle kanallının türk dilli vesiyasına ölkədə girişi əngəlləyib. Buna səbəb isə beynəlxalq ictimai yayımçıların tənzimləyicinin tələb etdiyi lisenziyalar üçün müraciət etməməsi olub.

Hələ fevral ayında RTÜK kimi tanınan Radio və Televiziya Ali Şurası, Amerikanın Səsinin Türk Xidməti də daxil olmaqla, üç beynəlxalq yayımçıya yayım lisenziyası almadıqları təqdirdə onların web saytının bloklanacağı ilə bağlı qısa müddətəli xəbərdarlıq edib.

Bu sərəncama Almaniyanın Deutsche Welle televiziyası da daxildir.

Ölkədəki əsas müxalifət - Cümhuriyyət Xalq Partiyası və RTÜK-ün İdarə Heyətinin üzvü olan İlhan Taşçı lisenziya qərarını kəskin tənqid edərək cümə axşamı Twitter hesabında Amerikanın Səsi və digər saytlara girişin məhkəmə qərarı ilə bloklandığını bildirib.

“Lisenziya üçün müraciət etməyən DW Türkçe və Amerikanın Səsinə giriş RTÜK idarə heyətinin tələbi ilə Ankara Sülh Cəza Məhkəməsi tərəfindən bloklanıb” deyən Taşçı kinayə ilə əlavə edib ki, "Bax budur sizin mətbuat azadlığınız və inkişaf etmiş demokratiyanız!"

Fevral ayında verilən lisenziya qərarı 2019-cu ilin avqustunda qüvvəyə minən qaydaya əsaslanırdı. O zaman bir neçə media azadlığı müdafiəçisi mümkün senzura ilə bağlı narahatlıqlarını dilə gətirmişdi. Çünki bu qərara əsasən RTÜK-ə bütün onlayn məzmuna nəzarət etmək səlahiyyəti verilib.

RTÜK-ün sədr müavini İbrahim Uslu senzura ilə bağlı tənqidləri rədd edərək, qərarın "senzura ilə heç bir əlaqəsi olmadığını, texniki tədbirlərin bir hissəsi olduğunu" deyib.

Qaydaya əsasən, RTÜK-ə radio, televiziya yayımı və tələb olunan audiovizual media xidmətlərinin onlayn mövcudluğunu davam etdirməsi üçün “media xidmət təminatçılarından” yayım lisenziyası tələb etmək səlahiyyəti verilib.

Qərara əsasən lisenziya sahibləri RTÜK-ün prinsiplərinə əməl etmədikdə, RTÜK-ə cərimələr tətbiq etməyə, yayımı üç ay müddətinə dayandırmağa və ya yayım lisenziyalarını ləğv etməyə imkan verir.

Tərəqqi Jurnalistlər Cəmiyyətinin prezidenti Can Gülərüzlü məsələ ilə əlaqədar bildirib ki, bu qərarla RTÜK ilk dəfədir ki, xəbər saytları üzərindəki səlahiyyətindən istifadə edib.

Amerikanın Səsinin Türk xidmətinə girişin məhkəmə qərarı ilə əngəllənməsi ABŞ prezident Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Madriddə NATO sammiti çərçivəsində keçirilən görüşdən sonra verilib.

Amerikanın Səsinə nəzarət edən ABŞ Qlobal Media Agentliyi şərh sorğusuna dərhal cavab verməyib.

Amerikanın Səsinin Türk xidmətinin nümayəndəsi RTÜK-ün fevral ayından bəri olan tələbindən xəbərdar olduğunu bildirib.

“Amerikanın Səsi hesab edir ki, hökumətin xəbər agentliklərini susdurmaq cəhdləri bütün demokratik cəmiyyətlərin əsas dəyəri olan mətbuat azadlığının pozulmasıdır” deyə Bridcet Serçak bildirib.

O həmçinin əlavə edib ki, "Türkiyə hökuməti saytlarımızı rəsmi şəkildə bloklayarsa, Amerikanın Səsi türkdilli auditoriyasına çatmaq üçün bütün mövcud üsullardan istifadə edərək pulsuz və açıq internetə çıxışı təmin etməyə hər cür səy göstərəcək."

Türkiyə mətbuat azadlığı üzrə zəif göstəricilərə malikdir. Belə ki, Dünya Mətbuat Azadlığı İndeksində Türkiyə 180 ölkə arasında 149-cu yeri tutur.

XS
SM
MD
LG