Accessibility links

Ərdoğan Dəməşq rejimi ilə danışıqlara hazır ola biləcəyinə işarə edir


Suriya müxalifətini fəal şəkildə dəstəkləyən Türkiyə artıq Dəməşq rejimi ilə danışıqlara hazır ola biləcəyinə işarə edir. Ankara Suriyada vətəndaş müharibəsi başlayanda prezident Bəşər Əsəd hökuməti ilə diplomatik əlaqələrini kəsib, lakin indi milyonlarla suriyalı qaçqını geri qaytarmaq niyyətindədir.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan bu yaxınlarda jurnalistlərə açıqlamasında ölkəsinin Suriya rejimi ilə əlaqələrinə toxunaraq, “dövlətlər arasında siyasi dialoq və diplomatiya kəsilə bilməz” deyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ayın əvvəlində suriyalı həmkarı ilə bu yaxınlarda danışıqlar apardığını açıqlamışdı.

Suriya xarici işlər naziri ilə yığıncaq çərçivəsində qısa söhbət etdiyini bildirən Çavuşoğlu Suriyanın yüksək səviyyəli diplomatına Türkiyənin Əsəd rejimi ilə müxalifət arasında sülhün olacağına inandığını deyib. Türkiyənin xarici işlər naziri bildirib ki, Türkiyə belə şəraitdə yardım etməyə hazırdır.

Ankara Dəməşqlə diplomatik əlaqələri 2011-ci ildə kəsib və Ərdoğan son zamana qədər prezident Əsədin ən kəskin tənqidçiləri arasında idi.

Suriyalı üsyançılar Türkiyə və Suriya xarici işlər nazirləri arasında müzakirələrə dair xəbərə qəzəblə etiraz edərək, Türkiyə bayraqlarını yandırıb.

Artan ictimai təzyiqlərlə üzləşən Ərdoğan həmçinin Türkiyəyə gələn milyonlarla suriyalı qaçqını geri qaytaracağına söz verib. Lakin Türkiyənin Suriyadakı son səfiri Ömər Onhon deyib ki, Ankara Dəməşqlə münasibətlərdə diqqətli olmalıdır.

“Bizim nöqteyi-nəzərimizdən, özümüzü tam yəqinliklə təhlükəsiz hiss etməliyik. İkincisi, əlbəttə ki, Suriyanın Türkiyədə və digər ölkələrdəki suriyalıların geri qayıtması üçün təhlükəsiz olduğunu görməliyik. Beləliklə də rejim real siyasi həll yolu axtarmaqda səmimi olduğunu sübut etməlidir. Lakin bu, hələlik belə deyil,” Onhon deyib.

Ankara Türkiyə sərhədi boyunca Suriya ərazisinin YPG kürd qruplaşması ilə mübarizə zamanı ələ keçirdiyi böyük bir hissəsinə nəzarət edir.

Əsəd dəfələrlə Türkiyə qüvvələrinin Suriya ərazisindən qeyd-şərtsiz çıxmasını tələb edib. Suriya prezidenti sentyabr ayında hər iki liderin dəvət olunduğu Şanxay Əməkdaşlıq Təşkilatının iclasında Ərdoğanla üz-üzə gəldikdə bu tələbi irəli sürə bilər.

XS
SM
MD
LG