Accessibility links

Ərdoğan PKK-nın yaratdığı təhlükəyə son qoyacağını vəd edib


Ərdoğan PKK-nın yaratdığı təhlükəyə son qoyacağını vəd edib
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Türkiyə İraqdan fəaliyyət göstərən kürd üsyançılara qarşı böyük hərbi əməliyyata hazırlaşdığını bildirib. Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Türkiyə ilə onilliklərdir mübarizə aparan kürd üsyançı qrupu PKK-nın yaratdığı təhlükəyə son qoyacağını vəd edib.

Türkiyə qüvvələri iki ildir ki, qonşu İraqın şimalında on illər boyu Türkiyədə kürd azlığının hüquqları uğrunda mübarizə aparan PKK bazalarına qarşı hərbi əməliyyatlar keçirir.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan hazırda PKK və onunla bağlı qrupların qonşu Suriyada yaratdığı təhlükəyə həmişəlik son qoyacağını vəd edir. Türkiyə prezidentinin müşaviri Məsut Casin: "Yaxın günlərdə bu, İraq sərhədinin təxminən 330 kilometrliyində PKK hədəfləri üçün təhlükə olacaq. Türkiyənin İraq sərhədinin təhlükəsizliyini təmin etməklə, Suriya ilə olduğu kimi 40 kilometrlik yeni təhlükəsizlik dəhlizi yaratması gözlənilir".

Ankara Bağdadın bu ay kürd qruplaşmasına qadağa qoyması ilə PKK-ya qarşı apardığı mübarizədə impuls qazanıb.

Ərdoğan həmçinin İraqın yarı-muxtar Kürdüstan regional hökumətinin rəhbərliyi ilə əlaqələrini möhkəmləndirir. Analitiklər deyirlər ki, bu cür əməkdaşlıq Ankaranın PKK təhlükəsini aradan qaldırmaq məqsədi üçün həyati əhəmiyyət kəsb edir. Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondu-ndan Murat Aslan: "Türkiyə diqqəti kürdlərin regional hökumətin Peşmərgə qüvvələri ilə birlikdə İraq təhlükəsizlik qüvvələrinin imkanlarına yönəldəcək. Türkiyə bütün PKK üzvlərinin İraqda tam mühasirəyə alınmasını, sonra isə onların yox edilməsini, zərərsizləşdirilməsini istəyir".

Aprel ayında Ərdoğanın İraqın yarı-muxtar Kürdüstan regionu və Bağdada planlaşdırılan səfəri zamanı PKK-nın gündəmdə olacağı gözlənilir. Analitiklərin fikrincə, ikitərəfli ticarətin genişləndirilməsi, eləcə də İraqdan Türkiyəyə beynəlxalq tranzitin artırılması Ərdoğan üçün Bağdad üzərində yeni təsir imkanları yaradır. Xarici Siyasət analitiki Aydın Selcen: "Bəsrəni Türkiyə sərhədi ilə birləşdirən yol Bağdadın xəzinəsinə milyardlarla ABŞ dolları gətirəcək. Buna görə də həmin layihənin həyata keçirilməsi üçün İraqda vəziyyət sabit və təhlükəsizlik olmalıdır. Ankara PKK-ya qarşı mübarizəni bu layihə çərçivəsində həyata keçirmək istəyir".

Lakin analitiklər xəbərdarlıq edir ki, PKK-nın qərargahı İraqın İranla həmsərhəd dağlıq Qəndil bölgəsindədir. Bu o deməkdir ki, istənilən əməliyyat Tehranla əməkdaşlıq tələb edəcək. Murat Aslan: "Qəndil dağı İran və İraq arasında bölünüb. Nə vaxt bölgədə əməliyyat planlaşdırılsa və həyata keçirilsə, onlar İrana gedir, orada təhlükəsiz sığınacaq tapır və geri qayıdırlar. Deməli, bu kampaniya İranın səyləri ilə tamamlanmalıdır. Lakin bu, zəmanət deyil. Nə olacağını görəcəyik".

Türkiyə və İran arasında rəqabət regionda getdikcə artır və analitiklər Tehranın Ankaranın tələblərini yerinə yetirmək istəməyə biləcəyini və bunun gərginliyi daha da artıra biləcəyini deyirlər.

Forum

XS
SM
MD
LG