Accessibility links

Suriya hökuməti Türkiyə rəsmisinin sərhədi keçməsinə etiraz edir


Suriya hökuməti bildirib ki, Türkiyə baş naziri Əhməd Davutoğlunun tarixi türbəni ziyarət etmək üçün bazar günü Suriyanın rəsmi razılığı olmadan sərhədi keçməsi kobud təcavüzdür.

SANA dövlət xəbər agentliyi bildirib ki, cənab Davutoğlu Osmanlı İmperiyasının banisinin babası Süleyman Şahın məzarını ziyarət etməklə beynəlxalq qanunları ciddi şəkildə pozub. Məqbərə Türkiyə sərhədindən 250 metr məsafədə, Suriyanın Aşma regionunda yerləşir.

SANA daha sonra bu ziyarətin Türkiyədə qarşıdan gələn seçkilər üçün reklam xarakterli səfər olduğunu bildirib.

Fevral ayında türk qoşunları türbəni İslam Dövləti yaraqlılarının nəzarətində olan ərazidən hal-hazırkı yerə köçürərkən də Suriya narazılığını bildirmişdir.

Məqbərə bundan əvvəl də, 1970-ci ildə Fərat çayı məcrasından çıxarkən baş vermiş daşqın səbəbindən bir dəfə artıq köçürülüb.

Türkiyə və Suriya arasında münasibətlər Suriyada dörd il davam edən vətəndaş müharibəsi dövründə gərginləşib. Türkiyə hökuməti Suriya prezidenti Bəşar əl-Əsədə qarşı olan üsyançıları dəstəkləyir.

Suriya rəsmiləri Türkiyəni terrorçuları dəstəkləməkdə təqsirləndirir. Suriya hökuməti onun əleyhinə vuruşan bütün qüvvələri bir qayda olaraq "terrorçu" adlandırır.

XS
SM
MD
LG