Accessibility links

Türkiyədə qadınlar əleyhinə zorakılığa son qoyulmasına dair qanun ətrafında mübahisələr gedir


2012-ci ildə qadınların vəziyyətinə dair bu həftə açıqlanmış hesabata əsasən, Türkiyədə zorakılıq zəminində az qala hər gün bir qadın ölür

Türkiyə hökuməti qadınlara qarşı zorakılıqla mübarizəyə dair qanun layihəsini təsdiq etsə də, islahatların həyata keçirilməsilə ilə bağlı narahatlıqlar qalmağa davam edir.

İstanbulun mərkəzində yarı çılpaq qadınlar Beynəlxalq Qadınlar günü məişət zəminində zorakılığa qarşı aksiya keşirib. Ukraynada yerləşən Femen qrupunun üzvləri olan aksiya iştirakçıları tez zamanda həbs ediliblər. Türk qadınlar isə şəhərin müxtəlif yerlərində zorakılıq əleyhinə başqa aksiyalar keçiriblər.

2012-ci ildə qadınların vəziyyətinə dair bu həftə açıqlanmış hesabata əsasən, Türkiyədə zorakılıq zəminində az qala hər gün bir qadın ölür. Beynəlxalq Qadınlar günü də istisna olmadı. Ərindən boşanmış bir qadın İstanbulda əri tərəfindən güllə ilə vurulub öldürülüb.

Türkiyədə Beynəlxalq Strateji Araşdırmalar Təşkilatı məişət zəminində zorakılıqla bağlı vəziyyətin acınacaqlı olduğunu deyir. Hesabatın müəlliflərindən biri Dilek Karaldır. Dilek Karal: “Türkiyədə qadınların 42 faizi fiziki və seksual zorakılıq obyektidir. Rəsmi statistikaya əsasən, bu halların 90 faizi qeydə alınmır. Bunun əsas səbəblərindən biri cəmiyyətdə münasibətilə bağlıdır. Adamlar məişət zəminində zorakılıq hallarını açıq şəkildə qınamaqdan çəkinir. İkinci səbəb isə əvvəlki təcrübəyə əsasən, rəsmilərin zorakılığa reaksiya verməməsi ilə əlaqədardır. Buna görə də onlar fikirləşir ki, polis məişət zəmində zorakılıq halı ilə bağlı bir iş görməyəcək və qanunvericilər də fəaliyyət göstərməyəcək.”

Türkiyədə hakim Ədalət və İnkişaf partiyası problemin həll ediləcəyinə söz verib. Lakin 10 il hakimiyyətdə olduğu müddətdə partiyanın özünün statistik məlumatlarına əsasən, qadınların qətli halları son 7 ildə 1.400 faiz artıb. Təkcə 2009-cu ildə 1000 qadın öldürülüb.

Ailə və Sosial Siyasət naziri Fatma Şahinin təqdim etdiyi qanun layihəsi partlament tərəfindən cümə axşamı təsdiq edilib. Yeni qanunda qadınların daha yaxşı müdafiə olunması və zorakılıq qurbanlarına dəstəyin artırılması nəzərdə tutulur. İndiyə kimi Türkiyədə məişət zəminində zorakılığa dair qanun yalnız ərli qadınlına şamil edilirdi. Qadınlar Qadın Hüquqları naminə təşkilatının üzvü Pınar İlkaracan qanun layihəsi üzərində nazirliklə bir işləyib. Pınar İlkaracan: “İndi kişi ciddi zorakılıq hadisəsi törədibsə və ya qadının həyatına təhlükə yaradıbsa, polis onu həbs edə bilər. Bu, yaxşı haldır.”

Ölkə prezidenti tərəfindən ratifikası olunmalı olan yeni qanunda habelə məhkəmələrin təhlükə yarada biləcək kişilər haqda elektron məlumat bazasında məlumat yerləşdirməsi nəzərdə tutulur.

Lakin islahatlar ətrafında mübahisələr gedir. Qadınlar artıq yeni qanuna edilən dəyişikliklərdən narazılığını bildirir. Qadınlar Qadın Hüquqları naminə təşkilatının üzvü Pınar İlkaracan deyir ki, bu dəyişikliklər qanun layihəsini zəiflətmişdir. Onun sözlərinə görə, Ailə və Sosial Siyasət nazirliyi və qadın təşkilatları tərəfindən hazırlanmış qanundan gender bərabərliyi və qadın hüquqları kimi sözlərin çıxarılması, habelə nazirliyə polisə təlim vermək, ya da zorakılığa müdaxilə mərkəzləri yaratmaq kimi səlahiyyətin verilməsi haqda paraqrafın çıxarılması böyük təəccüb doğurub. O deyir ki, bu, hökumətin qadınlara qarşı zorakılıqların azaldılması məsələsində ciddi olmadığı haqda təsəvvür yaradır.

Ailə və Sosial Siyasət naziri Şahin bu narahatlıqların və təndiqlərin mövcudluğunu etiraf edir, lakin bu islahatların mühüm olaraq qaldığını deyir.

Zorakılıq qurbanlarını müdafiə etmək üçün lazımi infrastrukturun yaradılması ilə də bağlı narahatlıqlar mövcuddur. Əhalisi 80 milyon olan Türkiyədə qadınlar üçün 70 sığınacaq var. Müqayisə üçün, əhalisinin sayı təxminən eyni olan Almaniyada belə sığınacaqların sayı 366-dır. Qadınlara bu xidmətlərin göstərilməsi üçün budcə qanun qəbul olunan zaman son anda demək olar iki dəfə azaldılıb.

Yeni qanunun həyata keçirilməsi məsələsi ilə bağlı da narahatlıqlar səslənir. Human Rights Watch qanun layihəsini alqışlasa da, Ankaranın bundan əvvəl qadın hüquqlarının müdafiəsinə yönəlmiş qanunları həyata keçirə bilməməsilə bağlı narahatlıqlarını ifadə edib.

Qadın hüquqlarının müdafiəsi Türkiyənin üzv olmaq istədiyi Avropa İttifaqı üçün əsas məsələdir. Türkiyə hökuməti məişət zəminində zorakılıqların qarşısını almaq işinə sadiq qaldığını bildirir, lakin tənqidçilər islahatların həyata keçirilməsi məsələsində söz və əməl arasında böyük uçurumun olduğunu deyir.

XS
SM
MD
LG