Prezident İlham Əliyev Azərbaycan və Türkiyə hökumətləri arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.
Sənəddə Azərbaycan Müdafiə Nazirliyinə protokolun müddəalarını həyata keçirmək tapşırılıb.
Hökumətlərarası sənəd 2016-cı il iyunun 3-də Bakı şəhərində imzalanıb.
Türkiyə hərbçilərinin aerodromdan hansı statusda istifadə edəcəyi barədə məlumat verilmir. Ancaq Türkiyə hərbçilərinin hərbi şəhərcikdə yaşayacağı məlumdur.
Belə ki, prezident Əliyev bu il aprelin 21-də Azərbaycan ilə Türkiyə hökumətləri arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış protokolu təsdiq edib.