Accessibility links

Cənub qaz dəhlizinin təməlqoyma mərasiminin tarixi bəlli olub [Yenilənib]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev

Türkiyə prezidenti Azərbaycanda səfərdədir

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev danışıqlardan sonra mətbuat üçün birgə bəyanatla çıxış edib.

APA agentliyinin məlumatlna görə prezident İlham Əliyev bildirib ki, təkbətək və geniş tərkibli görüşlərdə ikitərəfli əlaqələr müzakirə olunub.

Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin geniş tərkibli görüşü
Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin geniş tərkibli görüşü

"Bir daha əmin olduq ki, əlaqələr yüksək səviyyədədir. Əlaqələrimiz dostluq və qardaşlıq təməlləri üzərində qurulub".

Prezident Əliyev iki ölkənin beynəlxalq səviyyədə daim bir-birinə dəstək verdiyini, ikitərəfli məsləhətləşmələr apardığını söyləyib: "Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün Türkiyəyə minnətdarlığımı bildirmək istəyirəm. Türkiyə bütün dövrlərdə bu istiqamətdə mövqeyini açıq ortaya qoyub, haqqı-ədaləti müdafiə edib. Görüşümüzdə bu məsələ də müzakirə olundu. Azərbaycan torpaqları işğal altındadır, 1 milyon qaçqın var, etnik təmizləmə siyasəti aparılıb. BMT bu münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Lakin Ermənistan bu qətnamələrə məhəl qoymur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır və əminəm ki, belə olacaq".

Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin birgə mətbuat konfransı
Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin birgə mətbuat konfransı

Dövlət başçısı qeyd edib ki, erməni soyqırımı yalanına qarşı Türkiyə və Azərbaycan birgə fəaliyyət göstərəcək: "Biz qondarma erməni soyqırımının ifşası ilə bağlı fəaliyyətimizi koordinasiya şəklində aparacağıq. İctimai, diaspor təşkilatlarımız birgə fəaliyyət göstərəcək. Yalanı birgə ifşa edəcəyik".

Prezident İlham Əliyev görüşdə müdafiə sənayesi və energetika sahəsində əməkdaşlıq barədə də müzakirə aparıldığını nəzərə çatdırıb: "Bu gün birgə əsərimiz olan TANAP layihəsi dünyanın diqqətini cəlb edib. Əminəm ki, tarixi layihə vaxtında icra olunacaq. Bu, daha geniş beynəlxalq əməkdaşlıq tələb edən layihədir".

Görüşdə qarşılıqlı sərmayələr də diqqət mərkəzində olub. Azərbaycan prezidenti bildirib ki, yaxın 5 ildə Türkiyəyə daha çox sərmayə qoyulacaq: "Bu, təxminən 17-20 milyard həcmində olacaq. Şahdəniz layihəsində Türkiyə də iştirak edir. Türkiyə nə qədər güclü olsa, biz özümüzü o qədər güclü hiss edəcəyik. Əminəm ki, bundan sonra qardaşlıq əlaqələrimiz daha da inkişaf edəcək".

Rəcəb Tayyib Ərdoğan isə bir çox sahələrdə əməkdaşlığa dair müzakirə apardıqlarını, lakin Dağlıq Qarabağ məsələsinin gündəmdəki əsas məsələ olduğunu vurğulayıb: "Bu istiqamətdə bundan sonra atacağımız addımları müzakirə etdik".

R.T. Ərdoğan deyib ki, enerji məsələsi də geniş müzakirə olunub: "TANAP böyük əhəmiyyət daşıyır. Bu, Azərbaycanın enerji sahəsində gücünü ortaya qoyması, barış xətti olması baxımından çox mühüm layihədir. İnşallah, bu ayın 20-də təməlqoyma mərasimi keçiriləcək və işlər başlayacaq. Artıq proses sürətlənəcək".

Türkiyə prezidentinin sözlərinə görə, Azərbaycandakı inkişafı dünya heyrətlə izləyir: "Bunda prezident İlham Əliyev və komandasının böyük rolu var. Ötən dövr ərzində Azərbaycanın inkişafından məmnunam. Qardaşlarımızın güclənməsi gələcəyə ümidlərimizi də artırmaqdadır".

R.T. Ərdoğan Azərbaycanla ticarət dövriyyəsinin həcminin ildə 15 milyard dollara çatdırılmasının qarşıya məqsəd qoyulduğunu açıqlayıb.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 2-də Azərbaycana rəsmi səfərə gəlib.

Ərdoğan administrasiyasının məlumatına görə, prezident  İlham Əliyevlə görüş zamanı dövlət başçıları Azərbaycan-Türkiyə münasibətlərinin müxtəlif aspektlərini, aktual beynəlxalq və regional məsələləri, birgə layihələrin həyata keçirilməsini müzakirə edəcəklər.

Səfər sentyabrın 3-də başa çatacaq. Bu prezident Ərdoğanın ilk rəsmi səfərlərindəndir.

XS
SM
MD
LG