Accessibility links

Türkiyə rəsmiləri İslam Dövlətinin yeni liderinin ələ keçirildiyini iddia edir


İslam Dövləti terror qruplaşmasının yeni lideri Əbu əl-Həsən əl-Haşimi əl-Quraşinin hökmranlığı, mümkündür ki, başlanmasından üç aydan az müddət sonra başa çatır.

Türkiyənin OdaTV saytı cümə axşamı Əbu əl-Həsənin həbsi barədə ilk məlumatı yayıb və bildirib ki, Türkiyə polisi keçən həftə İstanbulda bir evə basqın zamanı onu bir güllə belə atmadan ələ keçirib.

Sayt daha sonra İŞİD liderinin dindirildiyini və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həbsi rəsmi şəkildə elan edəcəyini və yaxın günlərdə əlavə təfərrüatları paylaşacağını bildirib.

Ayrı-ayrılıqda, adının açıqlanmasını istəməyən iki yüksək rütbəli türk məmuru Bloomberg News-a onun həbs olunduğunu təsdiqləyib və əlavə edib ki, Ərdoğana məlumat verilib.

Bununla belə, ABŞ rəsmiləri ehtiyatlı davranırlar.

"Biz əl-Quraşi ilə bağlı xəbərləri təsdiq edə bilmərik. Aydındır ki, biz bütün gün buna baxdıq, lakin biz mətbuatda bu xəbəri təsdiqləyə biləcək vəziyyətdə deyilik" – deyə, Pentaqonun mətbuat katibi Con Kirbi cümə axşamı jurnalistlərə bildirib.

İŞİD mart ayında Əbu əl-Həsən əl-Haşimi əl-Quraşini terror qruplaşmasının üçüncü lideri elan edərək, fevral ayında Suriyanın şimal-qərbində ABŞ xüsusi təyinatlılarının reydi zamanı sələfinin ölümündən qısa müddət sonra hakimiyyəti ələ keçirdiyini bildirib.

XS
SM
MD
LG