Accessibility links

Türkiyə İranla münasibətlərində Qərbi nəzərə alırmı?


Türkiyə İranla münasibətlərində Qərbi nəzərə alırmı?
Türkiyə İranla münasibətlərində Qərbi nəzərə alırmı?

Türkiyə prezidenti Abdullah Gül İrana 3 günlük rəsmi səfərə başlayıb. İran və Türkiyə ikitərəfli ticarəti 3 dəfə artırmaq barədə öhdəlik götürüb. Ancaq bu səfər həssas məqama təsadüf edir. Belə ki, Türkiyənin Qərb müttəfiqləri mübahisəli nüvə proqramına görə İranı iqtisadi izolyasiyada saxlamağa çalışır.

Türkiyə prezidenti Abdullah Gül 100 nəfərdən çox biznesmendən ibarət nümayəndə heyəti ilə birlikdə İrana 3 günlük rəsmi səfərə gəlib. Türkiyə və İran fevralın əvvəllərində 10 miyard dollar olan ikitərəfli ticarət əlaqələrinin 2015-ci ilədək 3 dəfə artırılaraq 30 milyard dollara çatdırılması barədə öhdəlik götürüb.


Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Burak Özgərginin sözlərinə görə, Türkiyə İranla əlaqələr qurması irəliyə doğru atılan ən düzgün addımdır: “İranı sanksiyalarla qorxutmaq əvəzinə onlarla əməkdaşlıq etmək. Başqa sözlə çubuq yox, kökə. Çünki biz ehtiyatlanırıq ki, İranın daxilində Qərblə əməkdaşlıq edən təbii müxalifət var”.

İrana səfərindən əvvəl cənab Gül müsahibəsində demişdi ki, İranın nüvə məsələsi danışıqlar yolu ilə həll olunmalıdır və Türkiyə vasitəçiliyinə davam edəcək.

NATO üzvü və Avropa Birliyi üzvlüyünə namizəd olan Türkiyə özünü vasitəçi qismində göstərir. Keçən il ölkə İranla saziş əldə olunmasına kömək etmişdi. Ancaq bu saziş beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmamışdı. Avropa Birliyinin diplomatlarından biri bunu fiasko adlandırmışdı.

Keçən ay İran və beynəlxalq ictimaiyyət arasında keçirilən ən son danışıqlar nəticəsiz oldu və Tehrana daha çox sanksiya tətbiq olunması çağırışları ilə müşayiət olundu.

Politoloq Çingiz Aktar deyir ki, Türkiyə prezidentinin İrana səfəri Türkiyənin Qərb müttəfiqləri ilə nə qədər fərqli fikirdə olduğunu göstərir: “Fikrimcə xüsusilə beynəlxalq münasibətlərdə özünə həddən artıq inam çox pisdir. Türkiyə güclü ölkəyə çevrilir. Ancaq Türkiyə təklikdə heç bir şey kəsb etmir. Türkiyə bir növ Almaniya və Fransa kimi orta səviyyəli gücdür və biz gücümüzü şişirtməməliyik. Fikrimcə hökumət başa düşməlidir ki, 21-ci əsr təkbaşınalıq əsri yox, əməkdaşlıq əsridir”.

Avropa Birliyi və ABŞ-la yaxın əlaqələrinə baxmayaraq, Türkiyə İrana qarşı yalnız BMT-nin sanksiyalarını tətbiq edəcəyini açıqlayıb.

Bu ayın əvvəlində Türkiyənin bəzi şirkətləri İrana qarşı sanksiyaları pozduğuna görə ABŞ-ın qara siyahısına düşüb. Şirkətlərin sonradan siyahıdan çıxarılmasına baxmayaraq, Türkiyə baş naziri siyasətdə dəyişiklik olmayacağını bildirib: “Hamı bizim İrana qarşı sanksiyalarda mövqeyimizi bilir”.

Türkiyə prezidentinin İrana səfərinin əsas gündəmini enerji məsələsi başda olmaqla, iqtisadi əlaqələrin gücləndirilməsi müəyyən edəcək. İran Türkiyənin ikinci ən böyük təbii qaz təchizatçısıdır. Müşahidəçilər deyir ki, Ankara türk şirkətlərinin İranın enerji sektorunda rolunu artırmasını çox istəyir. Xüsusilə sanksiyalar səbəbilə çoxsaylı beynəlxalq şirkətin İrandan çıxmasından sonra gözəl fürsət yaranıb. Ankara həmçinin istəyir ki, İran Türkiyənin regional enerji mərkəzinə çevrilməsində başlıca rol oynasın. Türkiyədə yerləşən Qlobal Təhlükəsizliklər Təşkilatının baş iqtisadçısı Əmrə İgid deyir ki, bu, Avropanın da marağındadır: “Nabukko boru xəttinin əsas məqsədi Avropa təbii qaz mənbələrini çoxşaxəli etməkdir və bu mənbələrə iranlılar da daxil olacaq”.

Türkiyə həm qrəb müttəfiqlərini, həm də qonşusunun maraqları çərçivəsində addım ataraq uzun müddətli strateji oyun oynayır, yoxsa, o, daha çox fərqli tendensiyalı dövlət olmağa çalışır? Türkiyə prezidentinin İrana səfəri yəqin ki, hər iki arqumenti dəstəkəyəcək. Ancaq gözlədiyi kimi İranın nüvə proqramına dair narahatlıq böyüsə, müşahidəçilər deyir ki, Türkiyə daha qəliz situasiya ilə qarşılaşmalı olacaq.

XS
SM
MD
LG