Türkiyədə hazırda azı 81 jurnalist həbsdədir. Bu, dünyanın hər hansı bir ölkəsində həbs edilmiş jurnalistlərin sayından çoxdur və bütün dünyada həbsdə olan jurnalistlərin üçdə bir hissəsini təşkil edir.
Jurnalistləri Müdafiə Komitəsinin bildirdiyinə görə, Türkiyə hökumətinin iyul ayında dövlət çevrilişinə cəhdin ardınca jurnalistləri həbs etməsindən sonra ölkədə həbsdə olan jurnalistlərin sayı 2015-ci ildə 199-dan 259-a çatıb.
Türkiyədə 81 jurnalist Jurnalistləri Müdafiə Komitəsinə əsasən dövlətə qarşı fəaliyyət göstərməkdə ittiham olunurlar. Dövlətə qarşı fəaliyyət göstərmək ittihamı dünya ölkələrində jurnalistlərə qarşı irəli sürülən əsas ittihamlardan biridir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında dövlət çevrilişi cəhdindən sonra jurnalistlər, elmi işçilər, hərbi qulluqçular və mülki hökumət qulluqçularına qarşı təqibləri davam etdirir.
Hökumət qüvvələrinin dövlət çevrilişi cəhdinin qarşısını almasından sonra 100 mindən çox insan iş yerlərindən çıxarılıb. Hərbi zabitlər, müxalif siyasətçilər də daxil olmaqla 35 mindən çox insan dövlət çevrilişində əli olmaqda şübhələr əsasında həbs edilib.
Türkiyədən sonra həbsdə olan jurnalistlərin sayına görə Çin 38, Misir isə 25 nəfərlə ikinci və üçüncü yerdə gəlir.