Türkiyənin aparıcı müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyası-CHP-nin lideri Kamal Kılıçdaroğlunun ölkədə baş verən təqiblərlə əlaqədar mühakimə və həbs edilə biləcəyi ilə bağlı qorxular mövcuddur. Bu kimi təqiblər nəticəsində Türkiyə parlamentinin ondan çox üzvü həbs edilib.
“CHP-yə qarşı böyük bir plan mövcuddur. Aparıcı müxalifət partiyası tərəfindən atılan hər hansı bir addım iqtidar partiyasının sülhlə qarşılamayacağı bir dövrün açılmasına gətirib çıxara bilər”, partiya sədrinin müavini Bülent Tezcan Cumhuriyyet qəzetinə müsahibəsində bildirib.
Tezcan bu açıqlamaları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kılıçdaroğlunun Cumhuriyyet qəzetində Ərdoğan hökumətinin Suriya üsyançılarına silah satmasına dair məqalənin nəşri ilə əlaqədar aparılan casusluq işi ilə bağlı istintaqa cəlb oluna bilməsini deməsindən sonra bildirib. “Kılıçdaroğlu bu işlə bağlı olsa təəccüblənməyin”, Ərdoğan bildirib.
Kılıçdaroğlunun yaxın müttəfiqi olan Enis Berberoğlu silah satışına dair məqaləyə görə iyun ayında 25 il müddətinə azadlıqdan məhrum edilib. Berberoğlunun həbsi Kılıçdaroğlunun Ankaradan İstanbula 25 gün sürən “Ədalət yürüş” keçirməsinə səbəb olub. On minlərlə insanın qoşulduğu yürüş İstanbulda bir milyondan artıq adamın iştirak etdiyi nümayişlə başa çatmışdı.
İndiyə qədər Kılıçdaroğlunun siyasi gələcəyi olmayan bir siyasətçi olduğunu deyən Ərdoğan son zamanlar aparıcı müxalifət partiyasının liderini hədəfinə çevirib. İyul ayında keçən il dövlət çevrilişinə cəhdin birinci ildönümünün qeyd edildiyi zaman Ərdoğan Kılıçdaroğlunun çevriliş cəhdinin təşkilatçıları ilə əlaqədar olduğu haqda iddialarla çıxış edib.
Müasir Türkiyə dövlətinin banisi olan Mustafa Kamal Atatürk CHP-ni 1919-cu ildə yaradıb. Təhlilçilərin fikrincə, Kılıçdaroğlunun mümkün mühakiməsi Ərdoğan hökumətinə baha başa gələ bilər. Onların fikrincə, Kılıçdaroğlunun təqib edilməsi çoxlarının və Türkiyənin müxtəlif icmalarının nümayəndələrinin gözündə onun liderlik qabiliyyətlərinin artmasına gətirib çıxara bilər.
Prezident və hökumət təkidlə bildirir ki, Kılıçdaroğlunun mühakimə edilməsi bütünlüklə prokurorlar və məhkəmələrə aid işdir. Lakin Ərdoğanın Kılıçdaroğlu əleyhinə ritorikasını davam etdirdiyi bir vaxt bütün tərəflər belə bir mühakimənin mümkün nəticələrini götür-qoy edir.