Accessibility links

Türkiyə müxalifəti: Hökumət dövlət çevrilişinə cəhdlə bağlı tam təhqiqat aparmır


Türkiyənin aparıcı müxalifət partiyası bildirir ki, hökumət keçən il iyul ayında dövlət çevrilişinə cəhdlə bağlı tam təhqiqat aparmır və həqiqəti gizlətmək üçün fövqəladə vəziyyətdən istifadə edir.

Cumhuriyyət Xalq Partiyası CHP-nin sözçüsü deyib ki, Türkiyə hökuməti 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhdin birinci ildönümü təntənələrindən “saxta tarix yazmaq” məqsədilə istifadə edir.

CHP-nin sözçüsü Bülent Tezcan
CHP-nin sözçüsü Bülent Tezcan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə sonu İstanbul və Ankarada on minlərlə insan qarşısında nitq söyləyib.

Türkiyə hökuməti devirmək və prezidenti hakimiyyətdən slmaq məqsədilə zorakılılıqlarla nəticələnmiş dövlət çevrilişi cəhdinin təşkil edilməsində ABŞ-da yaşayan din xadimi Fətullah Güləni ittiham edir. Gülən bu ittihamları rədd edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Tezcan dövlət çevrilişinə cəhdlə bağlı sorğuların hazırkı hökuməti müdafiə etmək üçün qarşısının alındığını deyib. O bildirib ki, hökumət dövlət çevrilişi cəhdindən sonra tətbiq etdiyi fövqəladə vəziyyətdən nəzarət və balansın mövcud olmadığı qanunsuz bir mühit yaratmaq üçün istifadə edir.

“Terror təşkilatının dövlətdə belə bir məqama çatması, onun dövlət çevrilişinə cəhdə necə başlaya bilməsi ilə bağlı təhqiqat aparılmayıb və yeni məlumatlar gizlədilir”, Tezcan bazar günü Assoşieyted Press agentliyinə müsahibədə bildirib.

Fətullah Gülən
Fətullah Gülən

CHP millət vəkilinin bildirdiyinə görə, dövlət çevrilişinə cəhd edənlər və onların siyasi əlaqələri ilə bağlı təhqiqat aparan prokurorların qarşısı hökumətin ədliyyə sisteminə təzyiqləri nəticəsində alınır. O deyib ki, parlamentin istintaq komissiyasından siyasi məsuliyyətdən qaçmaq üçün istifadə olunub.

Keçən il iyulun 20-də tətbiq edilmiş fövqəladə vəziyyət şəraitində Gülən və başqa terrorçu qruplarla əlaqələri olduğu iddia edilərək, 50 mindən çox insan həbs edilib, 110 mindən çox dövlət qulluqçusu və alim işdən azad edilib. Hökumət həbslərin gələcək təhlükələrin qarşısını almaq məqsədilə edildiyini bildirir.

İstanbulda 15 iyul dövlət çevrilişinə cəhdin ildönümü "Milli birlik yürüşü"
İstanbulda 15 iyul dövlət çevrilişinə cəhdin ildönümü "Milli birlik yürüşü"

Lakin Tezcan və onun partiyası fövqəladə vəziyyəti “nəzarət edilən çevriliş” adlandıraraq, onun dərhal ləğv edilməli olduğunu bildirir.

Ərdoğan şənbə günü çıxışı zamanı bu çağırışı kəskin tənqid edərək, CHP lideri Kemal Kılıçdaroğlunu Güləni və başqa terror qruplarını dəstəkləməkdə ittiham edib.

Gülən bir zamanlar Ərdoğanın yaxın müttəfiqlərindən biri olsa da, onlar arasında münasibətlər 2013-cü ildə pozulub və Gülənin təşkilatı terror təşkilatı elan edilib. Ərdoğan “xəyanətkarların” cəzalandırılması üçün ölkədə hər bir şeyin edildiyini deyib.

XS
SM
MD
LG