SOCAR-ın prezidenti Rövnəq Abdullayev avqustun 2-də Ankarada Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında iştirak edib.
SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, toplantıdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan SOCAR rəhbəri ilə görüşüb.
“Türkiyə və Azərbaycan arasında strateji dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan Türkiyə prezidenti SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrin iki qardaş ölkənin iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Layihələrin icrası üzrə işlərin gedişi ilə maraqlanan Türkiyə prezidenti SOCAR-ın fəaliyyətinin dəstəkləndiyini bildirib, yatırımlarının əhəmiyyətini qeyd edib və fəaliiyətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.
SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin fəaliyyətinə verilən dəstək üçün təşəkkürünü bildirib, bütün layihələrin qrafikə uyğun şəkildə davam etdiyini söyləyib.
Abdullayev Türkiyə prezidentini əmin edib ki, SOCAR həyata keçirdiyi bütün layihələri vaxtında və yüksək keyfiyyətlə başa çatdıracaq.
Yerli media SOCAR-ın strukturlarında Fətulla Gülən tərəfdarlarının olması ilə bağlı iddialar irəli sürməkdə davam edir. Görüşdə bu məsələlərə toxunulub-toxunulmaması ilə bağlı məlumat verilmir.
SOCAR prezidenti Rövnəq Abdullayev həmçinin Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb.
SOCAR-ın mətbuat xidmətinin məlumatında deyilir ki, görüşdə SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrin gedişi və Türkiyə şirkətlərinin iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələrin icrasından danışılıb.
Bundan başqa, SOCAR-ın investisiya layihələrinin qrafikə uyğun şəkildə icra olunduğu, Türkiyənin ictimai-siyasi həyatında baş verən son hadisələrin işlərin gedişinə mane olmadığı və bütün layihələrin əvvəlcədən planlaşdırıldığı kimi, normal qaydada həyata keçirildiyi bildirilib.
SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr, xüsusilə də TANAP və STAR layihələri çərçivəsində inşaat işlərinin gedişindən məmnunluğunu bildirən Türkiyənin enerji və təbii sərvətlər naziri bu layihələrin hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Görüşdə 15 iyul hadisələrindən sonra Türkiyədə bir sıra şirkətlərdə, o cümlədən, PETKİM-də dövlət orqanları tərəfindən aparılan bəzi tədbirlərlə bağlı məsələlərə də toxunulub, bunun SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığı, yalnız Türkiyədəki son hadisələrdən sonra hökumətin ümumi araşdırma tədbirləri çərçivəsində həyata keçirildiyi vurğulanıb. B.Albayrak SOCAR-ın Türkiyədə ən iri investorlardan biri olduğunu, şirkətin fəaliyyətinin Türkiyə hökuməti tərəfindən tam dəstəkləndiyini bir daha nəzərə çatdırıb.
Görüşdə Türkiyədə SOCAR-ın fəaliyyətinin genişləndirilməsi üçün yeni investisiya perspektivlərinin bır sıra aspektləri də müzakirə olunub.