Beynəlxalq və ölkədaxili tənqidlərin qarşısında Türkiyədə prezident sərəncamları ilə Fövqəladə Vəziyyət qaydalarının yumşaldılması istiqamətində addımlar atılır.
Məhkəmədən öncə ittihamsız saxlanma müddəti 30 gündən 14 günə endirilib və müttəhimlərə öz vəkillərini görmək üçün qoyulmuş dördgünlük qadağa aradan qaldırılıb.
Türkiyə Avropa ilə, Avropa hüququ sistemi ilə münasibətlərini tamam kəsə bilməz.
"Bu, müsbət haldr,” deyə Amnesty International təşkilatının Türkiyə üzrə tədqiqatçısı Endryu Qardner bildirir. “Ölkədə müttəhimlərin rəftarı ilə bağlı mövcud problemləri nəzərə aldıqda, bu islahatlara dərin ehtiyac var.”
Qardner əlavə edib ki, islahatlar kifayət qədər uzağa getməyib. İyulda baş vermiş dövlət çevrilişi cəhdindən bəri 40,000-dən çox adam saxlanılmış, 100,000 adam işdən xaric edilmişdir.
Avropadan gələn tənqidi səslər son zamanlar ucalmaqdadır. Bəzi təhlilçilər Ankaranın yumşaltmalarını həmin təzyiqlərə reaksiya kimi dəyərləndirir.
“Türkiyə Avropa ilə, Avropa hüququ sistemi ilə münasibətlərini tamam kəsə bilməz,” İstanbulun Kadir Has Universitetinin professoru Soli Özel bildirir. “Avropa Şurası parlamentindən tənqidin qarşısını almaq üçün o, bəzi məsələlərdə yumşalıb, və ən azı Türkiyədə demokratiyanın durumu ilə bağlı fövqəladə iclasdan yayına bilib.”
Avropa Şurası Türkiyə ilə bağlı debatı cüzi səs fərqi ilə təxirə salıb. Lakin analitiklər iyun ayında Türkiyə demokratiyasının gündəmə qoyula biləcəyini deyir.