Accessibility links

Turqut Özalın məzarı açılır


Türkiyənin sabiq prezidentinin müəmmalı ölümü haqda iddialarla bağlı təhqiqat aparılır

Türkiyə 1993-cü ilin aprel ayında vəfat etmiş keçmiş prezident Turqut Özalın məzarının açılmasına və onun cəsədinin qalıqlarının tibbi ekspertizasına başlayır.

İstanbuldan Amerikanın Səsinin müxbiri Dorian Cons xəbər verir ki, rəsmi məlumatlara görə Cənab Özalın infarkt nəticəsində öldüyü bildirilsə də, onun hansı şəraitdə ölməsi haqda mübahisələr hələ də davam edir.

Çərşənbə axşamı dövlət ittihamçısının müavini, baş məhkəmə rəsmiləri və bomba zərərləşdirən qrup prezident Özalın dəfn olunduğu İstanbul mavzoleyində olublar.

İstanbul baş məhkəməsinin hüquq şöbəsinin rəhbəri Haluk İncə hərtərəfli araşdırma aparılacağını bildirib.

O, travmatik və patoloji nəticələrin olub-olmamasını araşdırmaq üçün sümük və cəsəd qalıqlarının müayinə olunacağını, məzarın ətrafındakı torpaq nümunələri də daxil olmaqla, taksikoloji analizlərin həyata keçiriləcəyini bildirib.

Haluk İncə analizlərin cavabının ən az iki ay sonra məlum olacağını deyib. Keçmiş prezidentin məzarının açılması haqda qərar iyun ayında onun ölümülə bağlı şübhələrə dair rəsmi hesabat çıxdıqdan sonra verilib.

Turqut Özalın həyat yoldaşı Səmra Özal məzarın açılmasını tələb edənlərdən biri olub. O, həyat yoldaşının zəhərlənərək öldürüldüyünə inanır. Səmra xanım prezidenin limonad içdiyi vaxt onun yanında olmadığını deyir. O deyir ki, limonadı içən zaman həyat yoldaşının yanında olsa idı buna imkan verməzdi.

Prezident olmasına baxmayaraq cənab Özalın cəsədi yarılmamışdır. O vaxt hakimiyyətdə olan rəsmilər bunu ailənin arzusuna hörmət əlaməti olaraq etmədiklərini bildirir, lakin ailə üzvləri bu iddianı rədd edir.

Prezident Özal baş nazir, sonra isə prezident kimi ölkənin ən vacib siyası fiquru hesab edilir. O, 1980-ci ildə baş verən çevrilişdən sonra Türkiyəni hərbi hakimiyyətdən qurtaran lider olub.

Onunla o zaman nüfuzlu generallar arasında problemlərin yaşandığı deyilir. Ekspertlərin fikrincə, bu problemlər onu təhlükəli rəqib mövqeyində qoyurdu.
XS
SM
MD
LG