Accessibility links

ABŞ-da Omikron səbəbindən COVID-19 göstəricilərində rekord qeydə alınıb


Cons Hopkins Koronavirus Resurs Mərkəzinin məlumatına görə, Birləşmiş Ştatlarda bazar ertəsi COVID-19-a yeni 1,483,656 yoluxma halı ilə gündəlik yoluxmalarda rekord qeydə alınıb.

COVID-19-a 61,5 milyon yoluxma və 839,500-dən çox ölüm hallarının ümumi sayına görə dünya birinci yerdə olan ABŞ-da son günlərdə COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilən amerikalıların sayına görə də rekorda yaxınlaşır. Buna qədərki ən yüksək göstərici 2021-ci il 14 yanvar tarixində qeydə alınmışdı. O zaman 142,315 nəfərin xəstəxanaya yerləşdirildiyi müəyyən edilmişdi.

Bu yaxınlarda Omikronla əlaqəli yeni yoluxma dalğası ABŞ-ın bəzi bölgələrində səhiyyə sistemlərinin kritik səviyyəyə çatdırıb. Bəzi xəstəxanalar artıq iki ildir davam edən pandemiya nəticəsində emosional baxımdan tükənmə səbəbindən və ya tibbi personalın COVID-19-a yoluxduğu üçün həkim və tibb bacılarının kritik çatışmazlığı kimi problemlərlə üzləşib.

Bir çox xəstəxanalar qəbul etdikləri xəstələrin sayını məhdudlaşdırmağa və COVID-19 ilə əlaqəli olmayan müxtəlif tibbi problemlər üçün müalicə və əməliyyatları gecikdirməyə imkan verən “böhran qayğı standartları”na uyğun fəaliyyət göstərir.

Yoluxmalardan yeni artım Milad və Yeni il tətillərindən sonra bir çox dövlət məktəblərinin yenidən açılmasına da təsir edib, minlərlə şagird və müəllim COVID-19-a yoluxub və məktəb bölgələrini qısa müddət ərzində onlayn təlimata qayıtmağa məcbur edib.

ABŞ-ın üçüncü ən böyük məktəb bölgəsi olan Çikaqoda dövlət məktəb müəllimlərini təmsil edən həmkarlar ittifaqı bazar ertəsi müəllimlərin şəhər rəsmiləri ilə koronavirus testlərinin sayını artırmaq və bir məktəbin COVID-19-a yoluxmalarda böyük​ artımla mübarizə aparıb-aparmadığını müəyyən etməkdən ötrü yeni qaydalar yaratmaq üçün razılığa gəldikdən sonra bu həftə işə qayıdacaqlarını açıqlayıb.

Müəllimlərin ötən həftə koronavirusun təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə əyani dərsləri davam etdirməkdən imtina etməsi həmkarlar ittifaqının 340 mindən çox şagird üçün onlayn tədrisi müvəqqəti bərpa etmək haqda müraciəti ilə razılaşmaq əvəzinə dərsləri tamamilə ləğv edən administratorlarla mübahisəyə səbəb olub.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri bazar ertəsi Kanadanı səyahətçilər üçün COVID-19-a yoluxma riski "çox yüksək" olan ölkələr siyahısına daxil edib. CDC son 28 gündə 100 min sakinə 500-dən çox yoluxmanın olduğu istənilən istiqaməti "Səviyyə 4" olaraq müəyyən edir. Federal səhiyyə agentliyi həmçinin Karib dənizindəki Kurakao adasını bazar ertəsi "Səviyyə 4" kateqoriyasındakı ölkələr siyahısına daxil edib.

XS
SM
MD
LG