Çərşənbə axşamı ABŞ-ın müdafiə rəsmiləri Rusiyanın işğalı ilə mübarizə üçün Ukraynanın nəyə ehtiyacı olduğunu müzakirə etmək üçün 50-yə yaxın ölkənin hərbi rəsmisinin iclasını çağırıb. Çox güman ki, Ukrayna ordusunun silah-sursat ehtiyacları gündəmin əsas mövzusu olacaq.
ABŞ Müdafiə Naziri Lloyd Ostin bundan əvvəl Ukrayna Müdafiə Əlaqə Qrupunun Almaniyadakı Ramşteyn Hava Bazasında bir neçə raund keçirilən toplantıdan sonra Pentaqondakı virtual danışıqlara ev sahibliyi edir.
"Bu, kampaniyanın əvvəlində etdiyimiz kimi istər döyüş sursatı, istər hava hücumundan müdafiə, istər zireh - Ukraynanın ehtiyaclarını təmin etmək üçün əlimizdən gələni etməyə davam edirik" - deyə, Pentaqonun sözçüsü, briqada generalı Pat Rayder çərşənbə axşamı jurnalistlərə bildirib.
ABŞ, Avropa İttifaqı və NATO rəsmiləri Rusiyanın genişmiqyaslı işğalına başlamasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, Ukraynada döyüşlər getdikcə, həm Ukraynanın, həm də özlərinin silah-sursat ehtiyatlarını artıracaqlarına söz verib.
Ukrayna prezidenti Volodimir Zelenski hərbi rəsmilərlə görüş zamanı "Biz daim sursat və silah tədarükünü nəzərdən keçiririk" deyib.
Zelenski bildirib ki, əsas diqqət aylarla davam edən şiddətli döyüşlərin getdiyi Baxmut bölgəsi də daxil olmaqla, şərq cəbhə xəttinin müdafiəsinə yönəlib. Onun sözlərinə görə, Ukrayna hərbi rəhbərlərinin dəqiq mövqeyi "bu istiqaməti gücləndirmək, işğalçıya maksimum zərər vurmaqdır".
ABŞ-ın rəhbərlik etdiyi danışıqlardan başqa Zelenski Danimarkanın bu il Ukraynaya elan etdiyi 1 milyard dollarlıq hərbi, humanitar və iqtisadi yardımı alqışlayıb.
Bu yardımın təxminən üçdə ikisi hərbi, qalan hissəsi isə humanitar səylərə, yenidənqurma və biznes təşəbbüslərinə yönəldilib.