Accessibility links

Ukrayna ilə müttəfiqlər dəmir yolu stansiyasına hücumu pisləyir və Rusiyanı günahlandırır


Ukrayna və müttəfiqləri cümə günü qələbəlik dəmir yolu vağzalına ölümcül raket hücumunu pisləyib, qətliama görə Rusiyanı günahlandırıblar.

Ukrayna dövlət dəmiryol rəsmiləri bildirib ki, Ukraynanın şərqində Kramatorsk şəhərində mülki vətəndaşların təxliyəsi üçün istifadə olunan vağzalda beşi uşaq olmaqla ən azı 52 nəfər ölüb və ən azı 87 nəfər yaralanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bunu mülki vətəndaşlara qəsdən hücum adlandırıb.

“Döyüş meydanında bizə qarşı durmağa güc və cəsarətləri olmayan (Rusiya qoşunları) həyasızcasına dinc əhalini məhv edirlər,” Zelenski sosial mediada bildirib.

Zelenski cümə günü video müraciətində “Biz bu müharibə cinayətinə sərt qlobal reaksiya gözləyirik” deyib.

O deyib ki, Ukrayna “kimin nə etdiyini, kimin nə əmr verdiyini, raketlərin haradan gəldiyini, onları kimin gətirdiyini, əmri kimin verdiyini və bu hücumun necə razılaşdırıldığını müəyyən etmək” üçün tədbirlər görəcək.

Britaniyanin Müdafiə Nazirliyi şənbə günü kəşfiyyat brifinqdə bildirib ki, Rusiya “ukraynada dinc əhalini vurmağa davam edir, məsələn dünən (dəmir yolu vağzalına) raket hücumunda ölənlər kimi” o deyib.

“Rusiyanın Krımda Donbas arasında quru dəhliz yaratmaq ambisiyaları Ukraynanın müqaviməti ilə əngəllənir,” nazirlik əlavə edib.

Zelenski bazar günü yayımlanacaq ABŞ-ın CBS kanalında 60 Minutes verilişinə verdiyi müsahibədə deyib ki, Ukrayna bombalamaq üçün nəzərədə tutulan mülki hədəflərin xəritələri olan rus pilotları həbs edib.

ABŞ Prezidenti Co Bayden Twitter-də yazıb ki, bu hücum “Rusiyanın törətdiyi dəhşətli vəhşilik”dir. Britaniyanın müdafiə naziri Ben Vallas isə deyib ki, “dinc əhaliyə və kritik infrastruktura hücum müharibə cinayətidir.”

Birləşmiş Millətlər Təşkilatı dəmir yolu vağzalına və digər yerlərə hücumu “tamamilə qəbuledilməzdir” və “bu, beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun kobud şəkildə pozulmasıdır və, günahkarlar buna görə məsuliyyətə cəlb edilməlidir.”

BMT-nin sözçüsü Stefan Dujarriç baş katib Antonio Quterreşin “bu bu amansız müharibəyə dərhal son qoymaq” çağırışını təkrarlayıb.

Kramatorskda vağzala iki raketin atıldığı deyilir. Donetsk bölgəsinin rəsmiləri deyir ki, dəmiryolu stansiyasında daha təhlükəsiz bölgələrə getməyə çalışan minlərlə insan olub.

Rusiya raket hücumunu həyata keçirdiyini inkar edib və öz növbəsində Urkaynanı günahlandırıb və vağzala atılan Toçka-U raketindən istifadə etmədiyini bildirib.

Cümə günü Amerikanın Səsinin müxbiri Ceff Seldin bildirib ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiə naziri Oleksiy Reznikovla “Ukrayna ordusunun ölkəsini müdafiə etmək üçün ehtiyaclarını” müzakirə edib.

Ostin həmçinin Slovakiyanın cümə günü Ukraynaya S-300 hava hücumundan müdafiə sistemləri göndərəcəyi ilə bağlı açıqlamasını təqdir edərək, sistemin “kritik müdafiə qabiliyyəti” olduğunu deyib.

Pentaqonun sözçüsü Con Kirbi cümə günü brifinq zamanı deyib ki, Bİrləşmiş Ştatlar Slovakiyaya S-300 sistemini əvəz etmək üçün müvəqqəti olaraq ABŞ-ın hərbçiləri tərəfindən idarə olunan Patriot raket sistemi göndərəcək.

O əlavə edib ki, Ukrayna ordusunun ən böyük ehtiyacı “sözün əsl mənasında milyonlarla kiçik silah sursatı”dır.

“Biz [Rusiya Prezidenti Vladimir] Putin və Rusiya ordusunun Ukrayna daxilindəki bu döyüşdə məğlub görmək istəyirik… Biz Ukraynanı yenidən bütöv görmək istəyirik,” o deyib.

Kirbi həmçinin Rusiyanın cümə günü qatar stansiyasına hücumda əli olmadığına dair iddiasına şübhə ilə yanaşıb.

“Biz Rusiyanın əli olmadığına dair iddialarını inandırıcı hesab etmirik,” o deyib.

Avropa İttifaqı Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen və Avropa İttifaqının xarici siyasət rəhbəri Cosep Borrelin Ukrayna prezidenti Volodimir Zelenskiyə dəstək nümayişi üçün Kyivə səfərindən sonra cümə günü Rusiyaya daha çox sanksiyalar tətbiq edib.

Yeni tədbirlərə kömür, odun və kimyəvi maddələrin idxalına qadağalar və dörd Rusiya bankı ilə bütün tranzaksiyaların bloklanması daxildir.

Aİ rəsmiləri Ukraynaya səfərləri çərçivəsində Rusiya qoşunlarının dinc əhalini kütləvi şəkildə qətlə yetirdiyi iddia olunan Buçanı da ziyarət ediblər. Ukrayna rəsmiləri deyib ki, cümə günü məhkəmə ekspertizası komandası şəhərdə kütləvi məzarlığı qazmağa başlayıb.

Ukrayna hökuməti qətllərə görə bu yaxınlarda ərazidən geri çəkilən rus qoşunlarını günahlandırıb. Rusiya mülki vətəndaşları hədəf aldığını inkar edir.

Reutersin məlumatına görə, Von der Leyen deyib ki, qətllər Putinin ordusunun “qəddar üzünü” göstərir. “Burada ağlasığmaz hadisələr baş verib,” o deyib.

Britaniya Müdafiə Nazirliyinin cümə günü bildirdiyinə görə, Ruisya qoşunları Ukraynanın şimalından tamamilə geri çəkilərək, Belarus və Rusiyaya keçib. Yeni kəşfiyyat məlumatlarında bildirilib ki, qüvvələr, çox güman ki, Ukraynaın Rusiya ilə sərhəddə yerləşən Donbas bölgəsində döyüşmək üçün göndəriləcək.

Rusiya cümə axşamı hərbi müdaxilə ilə bağlı indiyədək ən sərt qiymətləndirməsini edib. Belə ki, Kremlin sözçüsü Dmitri Peskov Sky News-a müsahibəsində qoşunları arasında artan itkiləri “faciə” kimi təsvir edib. Bundan əlavə The Guardian xəbər verir ki, Baş nazir Mixail Mişustin Rusiya iqtisadiyyatının indi Qərbin sanksiyaları səbəbilə son 30 ildə ən çətin vəziyyətlə üzləşdiyini deyib.

Zelenski cümə axşamı deyib ki, Kyivin təxminən 60 kilomter şimal-qərbində Borodyanka şəhərində vəziyyət Buçadan daha pisdir.

“Orada vəziyyət əhəmiyyətli dərəcədə daha dəhşətlidir. Rusiya işğalçıları arasında daha çox qurban var,” Zelenski deyib.

XS
SM
MD
LG