Ukrayna çərşənbə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakına etiraz olaraq, ölkənin xarici işlər nazirinin bu həftə ATƏT-in Şimali Makedoniyada keçiriləcək iclasını boykot etmək niyyətində olduğunu bildirib. Bu, Lavrovun Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri qurumun toplantısında ilk iştirakıdır.
Bundan əvvəl Lavrov Bolqarıstanın onun üçün hava məkanını açacağı təqdirdə görüşdə iştirak edəcəyini bildirmişdi. Onun sözlərinə görə, bəzi Qərb dövlətləri onunla görüşmək istəyib.
Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq Moskvaya qarşı sanksiyalar tətbiq etdikdən sonra Bolqarıstanın hava məkanı Rusiya təyyarələri üçün bağlıdır.
"Ukraynanın nümayəndə heyəti ATƏT ölkələrinin xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda iştirak etməyəcək", Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko Facebook səhifəsində bildirib.
ATƏT-in 57 ölkəsinin nazirlərinin toplantısı noyabrın 30-dan dekabrın 1-dək Skopyedə keçirilməlidir.
Nikolenko açıqlamasında Rusiyanın qurumda qüvvədə olan konsensus qaydalarından sui-istifadə etdiyini, şantaj və açıq təhdidlərə əl atdığını qeyd edib. O, həmçinin Moskvanın ATƏT-in üç ukraynalı nümayəndəsini 500 gündür həbsdə saxladını bəyan edib.
"Belə bir şəraitdə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri bu ölkənin nümayəndə heyətinin ilk dəfə olaraq nazirlər səviyyəsində görüşdə iştirakı Rusiyanın ATƏT-i saldığı böhranı daha da dərinləşdirəcək", Nikolenko vurğulayıb.
Həmin gün Latviya, Litva və Estoniyanın xarici işlər nazirləri də ATƏT-in Skopyedə iclasında Rusiya xarici işlər nazirinin iştirakının məqbul olması ilə bağlı qəbul edilən qərarla əlaqədar iclası boykot etmək niyyətində olduqlarını bəyan ediblər.
Onların fikrincə, Sergey Lavrovun görüşdə iştirakı Moskvaya təbliğat aparmaq imkanı verir və təcavüzkar ölkənin "azad ölkələr birliyinin qanuni üzvü" kimi legitimləşdirilməsi riski daşıyır.
Forum