Accessibility links

Kyivdə su və elektrik enerjisi təchizatı Rusiyanın raket zərbələrindən sonra bərpa edilib


Kyiv meri deyir ki, Rusiyanın Ukraynanın enerji obyektlərinə, o cümlədən su elektrik stansiyalarına işıqların və mobil telefon xəttlərinin kəsilməsi və su təchizatının azalmasına səbəb olan raket hücumlarından bir gün sonra elektrik enerjisi və su təchizatı bərpa edilib.

"Kyiv sakinlərinin evlərinin su təchizatı tam bərpa olunub. Paytaxt sakinlərinin su və elektrik enerjisinin təchizatını bərpa etmək üçün demək olar ki, bir sutka ərzində çalışmış Kyivvodokanal və DTEK mütəxəssislərinə təşəkkür edirik" - deyə, Vitali Kliçko noyabrın 1-də Telegram kanalında yazıb.

Kliçko Ukrayna paytaxtında da elektrik enerjisinin verilməsinin bərpa olunduğunu, lakin Rusiyanın hücumlarından sonra enerji sisteminə böyük ziyan dəydiyi üçün elektrik enerjisinin kəsilməsinin qaçılmaz olduğunu bildirib.

Mikolayivdə regional hərbi administrasiyanın rəisi Vitaliy Kim noyabrın 1-də bildirib ki, Rusiya bir gecə ərzində dörd S-300 raketi atması nəticəsində şəhərdə yaşayış binasının yarısı dağılıb və bir nəfər ölüb.

Rusiya həftələrdir ki, Ukraynanın Rusiya qoşunlarını şimal-şərqdən çıxararaq, şərq və cənub-şərqdə geri itələyən əks-hücumu fonunda Ukraynanın enerji infrastrukturunu və digər mülki binaları raket, dron və artilleriya hücumları ilə hədəfə alır.

Prezident Volodimir Zelenski gecə müraciətində Ukraynanın hava hücumundan müdafiə sisteminin raketlərin əksəriyyətini vurmaqda yaxşı iş gördüyünü, lakin ölkənin havadan müdafiə imkanlarının gücləndirilməsinin əsas prioritet olaraq qaldığını bildirib.

"Hərbi-hava qüvvələrimiz və səmanı qorumaqda iştirak edən hər kəs bu gün çox yaxşı iş gördü. Terrorçuların hədəf kimi müəyyən etdiyi hədəflərin əksəriyyəti xilas edildi. Təkcə bu səhər terrorçular 55 qanadlı raketdən istifadə edib. Onlardan 45-i vuruldu. Biz hava hücumundan müdafiəmizi gücləndirməyə davam edəcəyik" – deyə, Zelenski oktyabrın 31-də bildirib.

Zelenski əlavə edib ki, Rusiya raketlərinin hədəfə aldığı bölgələrdə bərpa işləri hələ də davam edir.

Ukrayna rəsmiləri Rusiya qüvvələrinin Ukraynanın bir çox şəhərində infrastruktur obyektlərinə hücumundan sonra Rusiyanı beynəlxalq qurumlardan təcrid etməyə çağırıb.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko çərşənbə axşamı bildirib ki, Rusiya G-20 dövlətlər qrupundan çıxarılmalı və Rusiya prezidenti Vladimir Putinin bu ay İndoneziyada keçiriləcək G-20 sammitinə dəvəti ləğv edilməlidir.

"Putin açıq şəkildə Ukraynanın mülki əhalisinə və enerji infrastrukturuna raket zərbələri endirilməsi əmrini verdiyini etiraf etdi. Əlləri qana boyanmış halda onun dünya liderləri ilə masa arxasında əyləşməsinə icazə verilməməlidir" – deyə, Nikolenko Twitter hesabında yazıb.

Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi gecə çıxışında deyib ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasında "yeri olmamalıdır".

"Ukraynanın enerji obyektlərinə qarşı terror, xüsusilə də Rusiyanın qlobal ərzaq böhranını gərginləşdirmək cəhdləri fonunda Rusiya açıq şəkildə göstərir ki, bütün beynəlxalq ictimaiyyətə qarşı çıxmağa davam edəcək," Zelenski bildirib.

XS
SM
MD
LG