Accessibility links

Kanadanın qaz kəməri turbinini Almaniyaya qaytarmaq qərarı Ukraynanı "dərindən məyus" edib


Ukrayna Xarici İşlər Nazirliyi Kanada hökumətinin avadanlığa texniki yoxlanışı başa çatdıqdan sonra təmir edilmiş "Şimal axını-1" qaz kəməri turbininin Almaniyaya qaytarmaq qərarına görə "dərindən məyus" olduğunu bildirib.

Nazirliyin bazar günü verdiyi bəyanatda bunun "təhlükəli qərar" olduğu və "Moskvanın cəzasız qalma hissini gücləndirəcəyi" deyilib.

Bəyanatda turbinin geri verilməsinin Rusiyaya müharibədə enerjidən silah kimi istifadəyə davam etməsinə imkan verəcəyi barədə xəbərdarlıq edilib və Kanada hökuməti bu qərarından dönməyə çağırılıb.

Kanada qərarını şənbə günü elan edib və eyni zamanda sənaye istehsalı da daxil olmaqla, Rusiyanın enerji sektoruna qarşı sanksiyaları genişləndirəcəyini bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Rusiya "Şimal axını- 1" boru kəməri ilə Almaniyaya qaz nəqlini turbinsiz də tam həcmdə davam etdirə bilər.

Nazirlik turbinin işlədiyi "Şimal axını-1" kompressor stansiyasının ehtiyat bölmələri də daxil olmaqla, bir sıra digər turbinlərlə təchiz olunduğunu deyib.

Nazirlikdən bildirilib ki, turbinlərdən biri Kanadadadır, üçü hazırda işləyir, qalanları isə "izah edilmədən söndürülüb".

Nazirlik, həmçinin "Şimal axını-1" tamamilə istismardan çıxsa belə, Ukrayna və ya Polşadan keçən qaz tranzit marşrutlarından istifadə etməklə, Rusiyanın Avropa İttifaqına fasiləsiz qaz tədarükünü davam etdirə biləcəyi mövqeyini bir daha təkrarlayıb.

"Beləliklə, Rusiyanın qaz nəqlinin davam etdirilməsi üçün turbinin məcburi geri qaytarılması tələbi heç bir texniki əsası olmayan şantajdır" - deyə, nazirlik qeyd edib.

Kanadanın xarici işlər naziri Melani Coli açıqlamasında yeni sanksiyaların "quru və boru kəməri nəqliyyatı, metal və nəqliyyat, kompüter, elektron və elektrik avadanlıqları, eləcə də maşın istehsalına" şamil ediləcəyini bildirib.

XS
SM
MD
LG