Accessibility links

Ukrayna kimyəvi silahlardan istifadə haqda xəbərləri araşdırır, Rusiya ittihamları rədd edir


Ukrayna Rusiyanın Mariupol şəhərində şiddətli döyüşlər zamanı kimyəvi silahdan istifadə etdiyinə dair xəbərləri araşdırdığını bildirir. Böyük Britaniya məsələ ilə əlaqədar bildirib ki, məlumatın doğruluğu sübut olunarsa buna "cavab" veriləcək.

Rusiya tərəfi isə Ukraynada müharibədə kimyəvi və ya nüvə silahlarından potensial istifadə ilə bağlı Qərbin sərt xəbərdarlıqların ardınca ittihamları rədd edib.

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar bildirib ki, hərbi rəsmilər Mariupolda dron hücumundan sonra qeyri-müəyyən sayda insanın tənəffüs və nevroloji xəstəliklərdən əziyyət çəkdiyinə dair iddiaları araşdırır.

"Bunların fosforlu sursatlar ola biləcəyinə dair ehtimal var", Malyar aprelin 12-də televiziyaya verdiyi müsahibə zamanı deyib və əlavə edib ki, "rəsmi məlumat daha sonra veriləcək".

Fosfor kimyəvi silah hesab edilməsə də, şiddətli yanıqlara səbəb olan yandırıcı bir silahdır. Cenevrə Konvensiyalarına əsasən, mülki şəxslərin hər hansı silahla hədəfə alınmasının qadağan edilməsinə baxmayaraq, hərbi qüvvələrin fosforlu silahlardan istifadə etməsi texniki cəhətdən qeyri-qanuni deyil.

Ukraynanın bir sıra digər rəsmiləri xəbərlərin hələ təsdiqlənmədiyini bildirir.

İnterfaks xəbər agentliyi aprelin 12-də bildirib ki, regiondakı rusiyayönlü separatçı qüvvələr də hər hansı kimyəvi silahdan istifadə etdiyini inkar edir.

Malyardan bir gün əvvəl hələ Ukrayna prezidenti Volodimir Zelenski rəsmilərin Rusiyanın kimyəvi silahlardan istifadə edə biləcəyi ilə bağlı artan qorxuları "son dərəcə ciddiyyətlə" qəbul etdiyi ilə bağlı xəbərdarlıqla çıxış edib.

Britaniyanın müdafiə nazirinin müavini Ceyms Heappy aprelin 12-də Sky News tele kanalına bildirib ki, rəsmi London da xəbərləri təsdiqləməyə çalışır.

“Əgər bunlardan ümumiyyətlə istifadə olunarsa, o zaman prezident Putin bilməlidir ki, Qərbin necə cavab verə biləcəyi ilə bağlı bütün mümkün variantlar masa üzərindədir” - deyə, Heappy bildirib. O həmçinin əlavə edib ki, "bəzi şeylər var ki, bütün hədləri aşır və kimyəvi silahdan istifadə öz cavabını tapacaq".

Pentaqonun sözçüsü Con Kirbi aprelin 11-də deyib ki, Vaşinqton mümkün kimyəvi silahdan istifadə barədə informasiyalardan xəbərdardır, lakin onları təsdiq edə bilmir.

XS
SM
MD
LG