Accessibility links

Ukrayna Donbas istiqamətində əks-hücumlarda irəliləyiş əldə etdiyini iddia edir


Ukrayna qüvvələrinin Rusiyanın şərqdəki Donbas regionuna hücumu fonunda Xarkiv və Xerson yaxınlığında Rusiya mövqelərinə qarşı irəliləyiş əldə etdikləri və kiçik əraziləri geri aldıqları deyilir.

Bu arada isə Rusiya ABŞ və Avropa tərəfindən təchiz edilmiş Ukrayna silah anbarını məhv etdiyini iddia edib.

Mayın 7-də Prezident Volodimir Zelenskinin baş müşaviri Oleksiy Arestoviçin Ukraynanın döyüş meydanında irəliləyiş əldə etdiyinə dair iddiaları Rusiyanın Sovet İttifaqının Nasist Almaniyası üzərində qələbəsi münasibətilə qeyd etdiyi Qələbə günündən iki gün öncəyə təsadüf edib.

Rusiya Prezident Vladimir Putinin mayın 9-da çıxışı, artıq 73-cü gündür davam edən müharibənin gedişatını dəyişmək üçün ümumi səfərbərlik və ya başqa bir böyük strateji dəyişiklik elan edib-etməyəcəyini öyrənmək üçün diqqətlə izlənəcək.

Bu arada, Avropa Şurasının insan hüquqları üzrə ali nümayəndəsi Moskvanın hərbi müdaxiləsi çərçivəsində etdiyi hərəkətləri pisləyib və deyib ki, ruslar tərəfindən insan hüquqları pozulan hər bir ukraynalı ədalətə layiqdir.

“Onların hər biri ədalətə layiqdir və unudulmamalıdır,” Dünya Miyatoviç Kyivə dörd günlük səfərindən sonra deyib və əlavə edib ki, insan hüquqları pozuntularının miqyası “sarsıdıcıdır.”

Rusiya qüvvələrinin fevralın 24-də başlatdığı hərbi müdaxilənin ilk həftələrində Kyivi və başqa şəhərləri ələ keçirmək cəhdlərinin qarşısı alınıb, onlar böyük canlı qüvvə və texnika itkisi veriblər. Komandirlər daha sonra birliklərini Kyiv ətrafındakı ərazilərdən geri çəkərək Donbasa yönəldib.

Rusiyanın ən son rəsmi açıqlamasına görə, hərbi müdaxilə zamanı ordusu 1351 itki verib. Lakin Qərb rəsmiləri rus ordusunda tələfatın azı 15 min, Ukrayna rəsmiləri ilə 20 mindən çox olduğunu deyir. Zelenski ötən at 2500-3000 arası ukraynalı əsgərin öldüyünü bildirib.

Arestoviç Ukraynanın əldə etdiyi irəliləyişlər barədə Telegram kanalına yerləşdirdiyi video bəyanatında məlumat verib.

Bu arada isə Ukrayna ordusunun Baş Qərargahı gündəlik qiymətləndirməsində bildirib ki, Rusiyanın fəaliyyəti gecə ərzində nisbətən sakit olub, hərbi kəşfiyyat və artilleriya atəşi ilə məhdudlanıb.

Məlumatda bildirilib ki, döyüşlərin getdiyi İzyum yaxınlığında dəfələrlə müdafiə mövqelərinin üzərindən pilotsuz təyyarələr uçub. Xarkiv də artilleriya atəşinə məruz qalıb.

Krımın şimalında, Donbasdan xeyli uzaqda yerləşən Xerson üzərində nəzarətlə bağlı artıq həftələrdir mübahisə gedir, baxmayaraq ki, Rusiya qüvvələri regionun əsas şəhəri üzərində nəzarəti ələ keçirdiklərini iddia ediblər və Rusiyanın yüksək vəzifəli siyasətçisi mayın 6-da Xerson şəhərini ziyarət edib.

Rusiyanın Müdafiə Nazirliyi mayın 6-da deyib ki, qüvvələr Donbasdakı mövqelərdə irəliləyiş əldə etməyə davam edir, Kramatorskkda sursat anbarını məhv edib və Ukraynanın iki döyüş təyyarəsini vurub.

Bu arada isə nazirlik mayın 7-də qüvvələrinin Ukraynanın 18 hərbi obyektini, o cümlədən Odesa şəhəri yaxınlığında üç sursat anbarını vurduğunu bildirib. Nazirlik həmçinin bildirib ki, Rusiya qüvvələri Xarkiv regionunda dəmiryol stansiyası yaxınlığında ABŞ və Avropa ölkələrindən göndərilən hərbi texnika anbarını məhv edib.

Həmin hərbi texnikaya hansı silahların daxil olduğu və ya onların nə zaman göndərildiyi bəlli deyil.

Ukrayna ordusunun rəsmisi mayın 7-də Odesa vilayətinə Rusiyanın azı dörd qanadlı raketin atıldığını təsdiqləyib. Yerli rəsmilər deyib ki, regionda mayın 8-də axşam saat 10-dan mayın 9-da səhər saat 5-dək komendant saatının tətbiq olunacağını deyib.

XS
SM
MD
LG