Ukraynanın Baxmut vilayətinin sakinlərinin həyatı Rusiya qüvvələri tərəfindən gündəlik atəşə tutulmaqla keçir. Bir qrup könüllü buradan getməyə qərar verən sakinləri evakuasiya etməyə yardım edir.
Saatlarla atışma – Çasiv Yar sakinləri belə yaşayır. Bu qəsəbə Rusiya və Ukrayna qüvvələri arasında şiddətli döyüşlərin getdiyi Baxmutdan 10 kilometr qərbdə yerləşir. Rusiyanın müdaxiəlsından əvvəl burada təxminən 14 min insan yaşayırdı. Bu gün cəmi bir-iki min qalıb.
Nataliya pensiyasını gözləyir. "Elə də pis deyildi, amma indi odun qalmayıb, ona görə də nə edəcəyimi bilmirəm. Biz getməyi düşünürük".
Baxmutdan qərbi Kramatorsk şəhərində vəziyyət daha yaxşıdır. Burada işıq, rabitə var. Mağazalar açıqdır. Lakin burada da atışmalar gedir. Kramatorsk sakini Liliya: "Dünən gecə saat 3-də altı dəfə, səhər saat 4-də iki dəfə atəşə tutulduq".
Kramatorskdan Qərbi Ukraynaya avtobus marşrutlarını “Qurtuluş mələkləri” xeyriyyə qrupunun yerli könüllüləri təşkil edib. Könüllü Yevgeni Pavenko digər 8 qeyri-kommersiya təşkilatının da dünyanın hər yerindən gələn ianələrin köməyi ilə yerli əhalinin evakuasiyasına yardım etdiyini deyir. "Bu, bir möcüzədir - pul hər yerdən gəlir. ABŞ-dakı qohumlarımdan da ianə almışam. Biz bu pulu sığınacaq axtaranlar üçün telefon və ayaqqabı, eləcə də onlara yemək almaq üçün istifadə edirik".
Pavenkonun quhumu Alina Pavenko-Kiriçenko 8 yaşı olanda valideynləri ilə birlikdə ABŞ-a köçüb. Rusiya Ukraynaya müdaxilə edəndə o, Kramatorsk sakinləri üçün pul və ianə toplamağa başlayıb. "ABŞ-dakı ailə davamlı olaraq "siz getməlisiniz" deyirdi. Onlar isə "xeyr, biz heç yerə getmirik" deyə, cavab verirdi. Beləliklə, düşündük ki, onlar qalıb başqalarına yardım etmək istəyir. Lakin bizim də yardım etməmiz lazımdır."
Anna Kramatorska uşaqları ilə birlikdə evakuasiya olunacağı ümidi ilə gəlib. Anası Baxmutdan 35 kilometr aralıda yerləşən Drujkivka şəhərindəndir. "Şəhər artıq təhlükəsiz deyil, hər gün daha qorxulu olur. Atılan raketlər evimizi də bir qədər zədələyib. Soyuqdur, qazımız yoxdur, yeməyi ocaqda bişirməli oluruq".
Könüllülər tərəfindən təşkil edilən avtobuslar bütün təxliyə edilənləri Kramatorsk və ətraf şəhərlərdən Dnipro və Kyivə aparacaq. Onlar oraya sığınacaq və daha təhlükəsiz həyat tapmaq ümidi ilə gedir.